Ağdamda yolun inşası zamanı mina PARTLAYIB, XƏSARƏT ALANLAR VAR

 08-10-2022

Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2022-ci il 8 oktyabr tarixində Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

ANAMA-dan “Report”a verilən məlumata görə, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıb.

Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyəsindən amputasiya edilib.

ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırıb.

Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdam və Beyləqanda müıki şəxslərin minaya düşməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Bənzər yazılar

0.16384196281433