“Hazırda işğaldan azad edilmiş ərazilərdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək. Minaları təmizləyərək orada ağaclar əkəcək”.
“Report”un xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti burada çoxtərəfli yanaşmadan istifadə edəcək: “Dörd əsas istiqamət var. Bizim əsas məqsədimiz bu bölgəyə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı təxminən 200 nəfərə yaxındır. Biz Ermənistan Respublikasından mina xəritələrini almışıq, amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir”.
O bildirib ki, işin sürəti minaların təmizləmə prosesindən asılıdır: "Azərbaycan bu sahədə öz səylərini əsirgəmir. Bütün bu səylərdə Azərbaycan Hökumətinin prioritetləri arasında inteqrasiyanın yaxşılaşdırılması, mina tədbirləri və daha geniş inkişaf var. Biz müşahidə edirik ki, müharibə və postmüharibə dövrlərində minaların təmizlənməsi humanitar məqsədlərə xidmət edir”.
Onun sözlərinə görə, bir çox hallarda minatəmizlənmə prosesi geniş humanitar və inkişaf proseslərindən təcridolunmuş şəkildə həyata keçirilir: “Kənd təsərrüfatı, şəhərlərin inkişafı, ətraf mühitin qorunması, səhiyyə, təhsil sahələrindən inteqrasiya, minaların təmizlənməsi olduqca vacibdir. Minaların təmizlənməsi daha bütöv şəkildə başa düşülməlidir və sülhün, inkişafın bərqərar olmasına töhfə verən məsələlərdən biridir”.