Lənkəranda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Lüvəsər kənd məscidinin həyətində baş verib. Məscidin axundu 37 yaşlı Əliyev Taleh Elman oğlu səhər saatlarında həmin kənd sakini Çingiz Əlizadə tərəfindən bıçaqlanıb.
Xəsarətlər alan axund Taleh Əliyev Lənkəran Rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidi Toğrul Cəfərov deyir ki, gözləmirdik bu hadisəni, məscidin pilləkənlərindən düşəndə arxadan gəlib vurub: “Biz elə bildik əlbəyaxa edirlər. Gecədir, sübh namazı vaxtıdır, qaranlıqdır. Sonra bildik ki, əlində bıçaq olub. Elə mən onu xəstəxanaya tez çatdırdım. Ondan bir gün qabaq Taleh iki namaz arasında söhbət eləməyi bunun xoşuna gəlməyib. Bu cür danışma. Taleh də ondan balaca olduğu üçün Talehin sözünü kəsirmiş demiş ki mənim sözümü kəsmə. Mən danışıram sən səbr elə. Bu söz onun xoşuna gəlməyib”.
Hadisə şahidi Elçin Qafarov da hadisənin baş vercəyini gözləmədiyini bildirir: “Biz də gəldik kənd məscidinə səhər sübh namazı ərəfəsində ki, namazımızı icra edək, vacibatə əməlini görək. O, təqdirdə namazımızı qurtarandan sonra, məsciddən çıxdıq ki, evə gedək. Elə çıxdığımız tərzdə məsciddə bir az qalmaqal – münaqişə düşdü. O vəziyyətə gəlib çaTmağı mən də gözləmirdim, amma əfsus ki, alındı. Məscidin içində bir az mübahisə yarandı, biz çox icazə vermədik Allah evinin ehtiramı həmişə saxlanılır. Biz də qarşı tərəfin də səs – küyünü azaldaraq, əfsus, şər qüvvə ona güc gəldi, bizim o təzə təyinat almış, ruhanimizə bu cür xəsarət endirildi”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Lent.az-a deyib ki, hadisə şəxsi münasibətlər zəminində olan mübahisə nəticəsində baş verib:
“Faktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Lənkəran rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır”.