Gənclərin sosial mediada ideal görünmək arzusunun QORXUNC FƏSADLARI

 04-08-2025

İndiki gənclər nədənsə olduqları kimi görünmək yox, görünmək istədikləri kimi olmaq istəyirlər. Bunun üçün də bütün imkanları səfərbər edirlər. Təbii ki, bu məsələdə gənclərin ən yaxşı “yardımçısı” sosial mediadır. Təəssüf ki, gənclər sosial mediada ideal görünmək üçün özlərini dəyişdirir, filtrlərdən istifadə edərək başqa variantda təqdimat edirlər. Bu addım ötəri və aldadıcı uğur gətirsə də, son nəticədə virtual və real kimlik arasında uyğunsuzluğa səbəb olur.

Gənclər sosial media fenomeni olmaq üçün hər vasitəyə əl atırlar. “Like” və izləyici qazanmaq üçün hətta qəbul edilməsi çətin olan metodlara da baş vururlar.

Əslində sosial media gənclərə ifadə və ünsiyyət imkanı yaratsa da, bununla birlikdə özünü tanıma, real və virtual kimlikləri uzlaşdırma kimi çətinliklər də doğurur. Üstəlik şəxsiyyəti cəmiyyət yox, real olmayan virtual aləm formalaşdırır.

Belə formalaşma isə cəmiyyəti məhvə aparır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Ceyhun Məmmədov deyir ki, reallıq ondan ibarətdir ki, sosial media işimizi asanlaşdırmaqla yanaşı bizlərə bəzi problemlər yaşadır:

“Gənclərin psixologiyasına sosial media ciddi təsir edir. Hətta bir çox hallarda onlarda kimliyi formalaşdırır. Ən pisi də odur ki, sosial şəbəkələrin Azərbaycan seqmenti daha çox məzmunsuz, qalmaqallı və hətta təhqirlərlə dolu paylaşımlarla diqqət çəkir. Bu isə gənclərin yanlış formalaşmasına təkan verir. Bu daha çox sosial media savadlılığının bizim cəmiyyətdə aşağı olması ilə bağlıdır”.

Müsahibimiz problemin həlli üçün ziyalılar, elm adamları, müəllimlərin sosial mediada fəal olmasını zəruri hesab edir:

“Sosial mediadakı çirkinliklərin təmizlənməsi üçün mütləq şəkildə ziyalıların qətiyyəti lazımdır. Ona görə də biz bu məsələyə xüsusi həssalıq göstərməliyik. Çalışmalıyıq ki, gənclərin formalaşmasında sosial medianın təsirlərini azaldaq.

Təəssüf ki, bugünkü gəncliyimizin fikir və düşüncələrinə sosial media daha çox təsir edir. Bu da gələcəyimiz olan gəncliyi daha çox yanlış istiqamətlərə yönləndirir. Ona görə də bu problem üzərində çox işləməliyik. Çalışmalıyıq ki, sosial medianın gənclərə zərərli təsirləri minimuma ensin”.

Bənzər yazılar

0.064841032028198