40-dan çox Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - Aralarında diplomatlar da var

 16-06-2025

"İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür. İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki ölkədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb”.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib:

"Bununla əlaqədar, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir".

Onu da bildirək ki, İranda neft sektorunda çalışan rusiyalı mütəxəssislər və onların ailə üzvlərindən ibarət böyük qrup “Astara” dövlət sərhəd-keçid məntəqəsinə çatıb. Burada onların rahatlığı və səhhətində hər hansı problem yaranacağı təqdirdə müdaxilə üçün tibb heyəti hazır vəziyyətdə gözləyir.

İyunun 15-də Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin də İrandan Azərbaycana təxliyəsi uğurla başa çatıb.

Xatırladaq ki, iyunun 13-ə keçən gecə İsrail İrana qarşı “Aslan milləti” hərbi əməliyyatını başladıb və bu ölkənin nüvə obyektlərinə, eləcə də yüksək rütbəli hərbçilərinin yaşadıqları ərazilərə hava zərbələri endirib. İran isə cavabında əvvəlcə pilotsuz uçan aparatlar, daha sonra isə uzaqmənzilli ballistik raketlərlə İsrail ərazilərini atəşə tutub. Hər iki tərəfdən onlarla ölən və yaralanan var. Münaqişə davam edir.

Bənzər yazılar

0.066174030303955