“MİDA-nın onlayn satış prosesinə ictimai nəzarəti gerçəkləşdirən müşahidəçi olaraq qeyd edə bilərəm ki, bü gün baş tutan satış tam fərqliydi”.
Bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“Qeyd edim ki, dəfələrlə təklif olunmasına baxmayaraq MİDA canlı yayım təşkil etməsə də mən canlı yayımı etdim. Eyni zamanda zalda iştirak edən jurnalistlər üçün ictimai nəzarətdə kömək ola biləcək məqamlarla bağlı, öncədən diqqət yetiriləcək məqamlarla bağlı da köməklik göstərməyə çalışdım.
Əgər canlı yayıma imkan verməsəydilər güman ki, ictimai nəzarət öz əhəmiyyətini itirəcəkdi və bizim iştirakımız da mənasız olardı. Müşahidələrimiz onu göstərdi ki, müsbət istiqamətdə bir xeyli irəliləyişlər olub. MİDA tarixində ilk dəfə olaraq ilk mənzil seçimi 31-ci saniyədə baş tutub.
Əvvəlki texnologiyalarla bu rəqəm adətən 6-7 saniyə olurdu. Bu dəfə botlar və robotlar işləməyib. Çünki DEMO ilə real versiya kəskin fərqliydi. Məhz bu amillə bağlı daxil olan suallara cavab olaraq qeyd etmək istərdim ki, əgər DEMO və real versiya fərqli olmasaydı yenə real seçicilər əvəzinə botlar işləyəcəkdi. Burada MİDA-nı qınamaq doğru olmazdı, əks halda yenə əvvəlki kimi bot problemi olacaqdı.
Amma MİDA öncədən DEMO-dan kəskin fərqli məqamların ola biləcəyini açıqlasaydı daha doğru olardı. Biz yenə o fikirdəyik ki, bu seçim metodunun özündə bir ədalətsizlik var.
Əgər iddiaçının texnoloji bacarıqları yetərli deyilsə o öncədən uğursuzluğa məhkumdur. Canlı yayımda da mən bu məsələni bir daha qeyd edərək hökumətin alternativ satış üsulu təklif edəcəyi haqqında sual verdim. Təəssüf ki, hələlik bu istiqmətdə real addımların nəzərdə tutulmadığı qeyd olundu.
Yeri gəlmişkən , bu dəfə təhlükəsizlik daha üst səviyyədə təmin edilmişdi. DTX, XRİTDX, ASAN, eGov Mərkəzi, RİNN, AzİnTelecom, magistral provayderlər və mobil operatorların nümayəndələri əvvəlkindən fərqli olaraq ayrıca otaqda real vaxt rejimində prosesləri izləyirdilər. Kritik infrastrukturla bağlı Prezident fərmanından sonra hiss olunur ki, DTX bu prosesi tam nəzarətə götürüb.
Müşahidəmə əsasən qeyd edə bilərəm ki, DTX əməkdaşların sayı az qala MİDA-dan çox görsənirdi. Beləliklə, ilkin olaraq bu onlayn satışın müsbət istiqamətdə əvvəlkilərdən fərqli olduğunu qeyd etmək istərdim. İlkin təəssürat odur ki, bu dəfə botlar deyil, məhz daha hazırlıqlı, daha peşəkar İT bacarıqları olanlar uğur qazanıb. Güman ki MİDA ən yaxın müddətdə bütöv statistikanı, satışı əks etdirən zərui datanı açıqlayacaq”, - deyə o qeyd edib.