Monitorinq nəticəsi şagirdlərin sinifdən sinfə keçmələrinə təsir göstərəcək?

 16-05-2025

Mayın 17-də IV, mayın 18-də isə VI sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək. Bəs monitorinq nəticəsi şagirdlərin sinifdən sinfə keçmələrinə təsir göstərəcəkmi?

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, monitorinqin nəticələri şagirdin məktəbdaxili qiymətləndirməsinin nəticələrinə və sinifdən sinfə keçmələrinə təsir göstərmir. Bu barədə məktəb sənədlərində qeyd aparılmır.

Qeyd olunur ki, monitorinqlərin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Bundan başqa, "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib ki, monitorinqin məqsədi yalnız şagirdlərin bilik səviyyəsini ölçmək deyil, eyni zamanda, müəllimlər, proqram tərtibatçıları və təhlil aparan idarəedici orqanlar üçün vacib məlumatların toplanması və təhlilinin aparılmasıdır: "Bu il monitorinq 300 mindən çox şagirdi əhatə edəcək. IV sinif şagirdləri tədris dili və riyaziyyat fənləri üzrə sualları cavablandıracaqlar. VI sinif şagirdləri isə təbiət, tədris dili və riyaziyyat fənləri üzrə monitorinqə cəlb olunacaqlar. Suallar mövcud tədris proqramına uyğun hazırlanıb. Bu monitorinqin özəlliyi odur ki, suallar hazırlanarkən kifayət qədər ciddi elmi-metodik iş aparılıb".

O bildirib ki, bu monitorinqdə şagirdlərin təhlil və düşünmə bacarıqları tələb edən suallarla da qarşılaşması nəzərdə tutulub. Bu cür suallar həm də müəllimlər üçün bir göstərici rolunu oynayır. Belə ki, bu nəticələr əsasında həm kiçik, həm də böyük summativ qiymətləndirmələrin gələcəkdə daha keyfiyyətli şəkildə hazırlanması mümkündür:

"Bu ilin yeniliklərindən biri də odur ki, ölkə üzrə 10 000 şagird rəqəmsal qiymətləndirməyə cəlb olunacaq. Həmin şagirdlər xüsusi təchiz olunmuş mərkəzlərdə, kompüter vasitəsilə, rəqəmsal formatda keçiriləcək monitorinqdə iştirak edəcəklər. Qalan şagirdlər isə əvvəlki illərdə olduğu kimi, kağız daşıyıcı üzərində aparılan monitorinqə qatılacaqlar".

Onun sözlərinə görə, rəqəmsal qiymətləndirməni daha çox şagirdi əhatə edəcək şəkildə davam etdirmək planlaşdırılır. Bu yanaşma bir tərəfdən kağız daşıyıcılardan qənaətlə istifadəyə, digər tərəfdən isə monitorinq materiallarının yoxlanmasının rəqəmsallaşdırılması sayəsində prosesin sadələşdirilməsinə və zamana qənaətə imkan verir:

"Eyni zamanda, bu addım həm şagirdlərdə, həm də təhsil verənlərimizdə rəqəmsal bacarıqların formalaşmasına töhfə verir", - deyən müsahibimiz valideynlərə müraciət edib:

"Sabah övladlarının monitorinqdə iştirakına dəstək göstərsinlər, onların təyin olunmuş məktəblərə vaxtında gəlmələrini təmin etsinlər. Növbəti mərhələlərdə valideynlər öz övladlarının, məktəblərinin nəticələri barədə də məlumatlı olacaqlar".

Nəticələrə gəldikdə isə Vəfa Yaqublu deyib ki, rəqəmsal formatda keçirilən qiymətləndirmənin nəticələri dərhal əldə edilir. Kağız daşıyıcı üzərində aparılan qiymətləndirmənin nəticələrinin yoxlanılması isə müəyyən vaxt tələb edə bilər:

"İstənilən halda, nəticələrin açıqlanması vahid və şəffaf qaydada həyata keçiriləcək".

Bənzər yazılar

0.069342136383057