İyunun 30-dan Rusiyada vizasız rejim əsasında bu ölkəyə gələn xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minəcək. Yeni prosedura əsasən, onlar “Dövlət Xidmətləri RuID” portalı vasitəsilə əvvəlcədən xüsusi QR kodu əldə etməlidirlər.
Əcnəbilər ölkəyə girişə azı üç gün qalmış rəqəmsal identifikasiyadan keçməlidir: şəxsi məlumatları, səyahət məqsədi, marşrutu və Rusiyada qalma ünvanını daxil etməli, həmçinin foto və sənədlərin skanını yükləməlidir. Lakin QR kodun olması ölkəyə girişə zəmanət vermir: yekun qərar sərhəd xidmətinin səlahiyyətində qalır.
Fövqəladə hallarda (qohumun xəstəliyi və ya ölümü) girişdən dörd saat əvvəl qeydiyyata icazə verilir. Ərizə 90 gün ərzində etibarlıdır. Alınan QR kodu sərhəd nəzarətindən keçərkən təqdim olunur. Lakin QR kodun olması ölkəyə girişə zəmanət vermir: yekun qərar sərhəd xidmətinin səlahiyyətində qalır. Rusiyaya gəldikdən sonra əcnəbilər biometrik nəzarət – barmaq izi və foto çəkiliş prosedurundan keçməli olacaq. İstisnalar Belarus vətəndaşları, vizasız ölkələrin diplomatları və altı yaşından kiçik uşaqlara aid ediləcək. Yeni sistem çərçivəsində tətbiq olunan eksperimental rejim 2026-cı il iyunun 30-dək davam edəcək.
Sözügedən qərar Rusiyaya işləmək üçün gedən soydaşlarımıza necə təsir edəcək?
Mövzu ilə bağlı millət vəkili Azər Allahverənov Bizim.Media-ya danışıb:
"Bu, faktiki olaraq Belarus istisna olmaqla vizasız gediş-gəliş olan bütün ölkələrə şamil olunur. Bəzi istisna hallar da var. Əgər hər hansı ölüm halları ilə bağlı cənazənin gətirilməsi olarsa, o zaman şəxslər bunu 4 saat qalmış edə bilər.
Burada bir məqam ortaya çıxır ki, QR kod yoxdursa, şəxsin ölkə ərazisinə girişinə icazə verilmir. QR kod giriş üçün lazımdır. Lakin bu heç də o demək deyil ki, insanlar yalnız bununla ölkəyə daxil ola bilərlər. Praktiki cəhətdən Rusiyanın aidiyyəti sturukturları birmənalı şəkildə bildirirlər ki, QR kod olmasına baxmayaraq şəxsin ölkəyə girişi elə də arzuolunan hal deyil.
Baxmayaraq ki, həmin şəxslərin QR kodu var, bəzi situasiyalara görə, amma ölkəyə girə bilməz.
Ona görə də bu alətin iyun ayının 30-dan sonra necə tətbiq olunmasının şahidi olacağıq".
“Əlavə prosedur qaydaları ortaya çıxır”
O qeyd edib ki, bu və digər səpkidə miqrasiya qaydalarının tətbiq olunması ölkəyə səfər etmək istəyən şəxslər üçün müəyyən narahat doğurucu bir hal kimi dəyərləndirilir.
"Çünki əlavə prosedur qaydaları ortaya çıxır. Bunlar isə müəyyən qədər narahatlıq yaradan hallardır. Heç də hər kəs o portaldan istifadə etmir. İstənilən halda Rusiyaya səfər etmək istəyən insanların müəyyən bir qismi müəyyən bir müddətə bu fikirdən daşına bilərlər. Çünki əlavə, yeni qaydalar da tətbiq edilə bilər. Məsələnin müsbət tərəfi isə ondan ibarətdir ki, səfər etmək istəyən şəxs bəlkə də özünün arzuolunmaz birisi olduğunu bilmir. Bir çox hallarda sözügedən şəxslər bilet alır, sənədlər toplayır. Lakin ölkə sərhədinə çatdıqda buraxılmır. Bununla da əlavə xərcə düşmüş olur.
QR kod məsələsi ən azından risk faktorunu bir qədər azaldır. Rusiya hökuməti qanunsuz miqrasiya ilə mübarizə kontekstində daha geniş və nisbətən də sərt bir siyasət yürütməyə çalışır. Rusiya qanunsuz miqrasiya ilə mübarizə fonunda həmçinin bəzi hallarda miqrasiyanın sahələri ilə bağlı müəyyən qaydalar tətbiq edir. Əmək miqrasiyası sahəsində olan dəyişikliklərlə özünü daha çox biruzə verir. Yeni qaydalar qüvvəyə minir, nəticə etibarilə miqrantlar üçün yeni öhdəliklər yaradır”,- deyə o vurğulayıb.