Azərbaycanda niyə Hepatologiya mərkəzi yoxdur?

 11-04-2025

Azərbaycanda bir sıra ağır xəstəliklərin müalicəsi üçün xüsusi mrkəzlər var. Bu mərkəzlər şəkərli diabet, vərəm və digər xəstəliklər üçün ixtisaslaşıb. Amma nədənsə bu günə qədər ölkəmizdə hepatologiya mərkəzi yaradılmayıb.

Halbuki, qaraciyər xəstəliklərindən əziyyət çəkənlərin sayı kifayət qədər çoxdur.

Hepotologiya mərkəzinin yaradılmasının səbəbləri

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, son vaxtlar Azərbaycanda hepatologiya sahəsində ayrıca mərkəzin yaradılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir:

“Şəxsən mən bu yanaşma ilə tam razı deyiləm. Çünki hepatoloji xəstəliklərin idarə olunması üçün ayrıca inzibati bina və struktur yaratmaq mütləq deyil.

Əsas məsələ, bu sahədə xidmət göstərən həkimlərin vahid protokollarla işləməsi, diaqnostika və müalicənin sistemli şəkildə qurulmasıdır. İstənilən geniş profilli xəstəxana daxilində, mövcud resurslar əsasında hepatologiya bölməsinin yaradılması mümkündür. Yetər ki, koordinasiya effektiv şəkildə qurulsun və pasiyent məlumatlarının idarə olunması üçün güclü elektron məlumat bazası fəaliyyət göstərsin.

Bu yanaşma, bir tərəfdən xərc baxımından daha qənaətlidir, digər tərəfdən isə mövcud tibbi infrastrukturu daha məqsədyönlü istifadə etməyə imkan yaradır. Əlavə olaraq, sahələrarası inteqrasiyanın təşkili hepatologiyanın təkcə müstəqil sahə kimi deyil, digər ixtisaslarla qarşılıqlı əməkdaşlıq şəraitində inkişafına da şərait yaradar.

Yəni vacib olan ayrıca mərkəz qurmaq yox, hepatologiya xidmətlərinin keyfiyyətini və koordinasiyasını gücləndirməkdir”.

Hepotologiya mərkəzi yaradıla bilərmi?

Bu sualla Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq Bizim.Media-ya bildirilib ki, hepatologiya (qaraciyər xəstəlikləri üzrə ixtisas) infeksion xəstəliklər, qastroenterologiya və terapiyanın bir hissəsi kimi qəbul olunur:

“Hazırda hepatoloji xəstəliklər ümumi qastroenterologiya və ya somatika şöbələri, həmiçinin infeksion xəstəliklər şöbəsində uğurla müalicə olunur. Azərbaycanda qaraciyər xəstəliklərinin səviyyəsi nisbətən aşağı olduğu üçün ayrıca mərkəz yaradılmasının zəruriliyi azdır. Gələcəkdə ehtiyac olarsa bu məsələyə baxıla bilər”.

Məlumat üçün qeyd edək ki, hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olaraq qaraciyər, mədəaltı vəz və öd kisə-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicəsi və profilaktika yollarını öyrənir.

Bənzər yazılar

0.062751054763794