İslam dininə görə ölülər torpağa dəfn edilir. Bu, vacib hökmdür. Yandırmaq, yaxud digər yollarla meyiti aradan qaldırmaq qadağandır. Lakin istisna hallar var. Dənizdə, gəmidə vəfat edən adamı vaxtında quruya çıxarmaq mümkün olmazsa, imkana uyğun qüsl-kəfən edilib, namazı qılınıb dənizə atılır.
Bəs, meyit hansı dərinlikdə dəfn olunmalıdır?
Suala ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında deyib ki, qoxusunun üzə çıxmaması və vəhşi heyvanların eşib çıxarmaması üçün meyit mümkün qədər dərinə basdırılmalıdır:
“Kişilərdə qurşağa qədər, qadınlarda isə sinə nahiyəsinə qədər dərinlikdə olmalıdır. Belə təsəvvür etsək kişi meyit Qiyamət günü ayağa qalxası olsa qurşağa kimi, qadın isə sinəsinə kimi torpağın altında qalmış olur. Bu cür dəfn həm də tibbi-gigiyena qaydalarına və mümkün təhlükələrdən qorumaq üçün belə edilir.
Son zamanlar bu dərinliyə çox yerlərdə əməl olunmur. Bu yanlışdır. Qadınların kişidən dərin basdırılması ehtiram üçündür. Adətən qadının kişidən daha çox qorunmağa, yad təsirlərdən, mənfi niyyətlərdən uzaq tutulmağa daha çox ehtiyacı olur.
Bu, torpaq altında da belədir. Çox zaman məzarlıqda aşınma, sel, yağış kimi hallar qəbrin üstünü aşınmaya, deformasiyaya məruz qoyur və dəfələrlə şahid olmuşuq ki, hətta cəsəd üzə çıxır”.
Müsahibimiz əlavə edib ki, İslama görə tabutda dəfn edilmək uyğun görülmədiyi üçün ölünün daha təhlükəsiz olması üçün dərinlik əsas götürülür:
“Müasir dövrdə qəbrin üstünə beton tökülüb ağır mərmər daşlar - baş daşı, sinə daşı qoyurlar. Buna görə də dərin dəfn etməyə o qədər də əhəmiyyət verilmir. Lakin qeyd etməliyəm ki, qəbrin üstünə ağır daşlar qoymaq, dikili hündür abidələr tikərək ölünü məcazi mənada da olsa, betonlarla “həbs etmək” ağır küfrlərdəndir.
Müsəlmanlar tədricən dinimizə uyğun dəfni tərk edirlər və ölünü ateistlər kimi dəfn edirlər. Həzrət Muhəmməd Peyğəmbərin hədislərində qəbrin sinəsinə rəhmət yağışı yağması üçün daş qoyulmaması əmr olunur. Qəbrin üstü bir qarışdan uca olmamalıdır. Qəbrin üstünə dəfndən sonra su səpilir.
Amma indi qəbirlərin üstündə az qala 3-4 metr hündürlüyündə qat-qat sinə və baş daşları var, özü də qapqara. Bu işlər dinimizə müxaliflik etməkdir. Qəbir mümkün qədər dərin olmalı, üstünə də mümkün qədər sadə və kiçik nişan qoymaq lazımdır ki, qəbir tanınsın”.