Bərdə rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
Aprelin 12-də 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "TikTok" sosial platformasında yaranmış mübahisə zəminində Vətən müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Ceyhun Zeynalovla görüşüb və ona bıçaqla xəsarət yetirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, cinayət hadisəsini törətməzdən əvvəl Tünzalə Hüseynova aprelin 4-də Ceyhun Zeynalov barəsində polisə müraciət edib.
Buna səbəb isə Ceyhun Zeynalovun Tünzalə Hüseynovanın işlədiyi gözəllik salonuna gələrək ona və dayısı qızı Rəqsanə Əhmədovaya hücum etməsi olub. Ceyhun Zeynalov Rəqsanə Əhmədovanı döyüb, Tünzalə Hüseynovanın isə telefonunu sındırıb.
Bütün bu hadisələr anbaan kameralarla qeydə alınıb.
Tünzalə Hüseynova aparılan araşdırmanın nəticəsini gözləmədən Ceyhun Zeynalov ilə görüşərək, bıçaqla xəsarət yetirib.
Sözügedən hadisədən sonra Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Qeyd edək ki, əvvəl hadisənin gözəllik salonunda baş verdiyi deyilsə də, sonradan görüntülərin ətriyyat mağazasında baş verdiyi müəyyənləşib. Hadisədə şübhəli bilinən qadın və bıçaqlanan qazi aktiv “TikTok” istifadəçiləridir.