"Füzuli və Ağdam rayonlarında yeni məktəb, bağça tikilir".
MillətinSəsi.İnfo "Report"a istinadən xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 8-də Qarabağ Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan əraziləri işğal dövründə tamamilə viran qoyulub:
"İşğaldan sonra gördüyümüz yalnız xarabalıqlardır. Bəzi yerlərdə hətta xarabalıq da yoxdur, çünki hər şey oğurlanıb. Heç bir mədəni obyekt, toxunulmamış məscid qalmayıb, hətta ağac belə qoymayıblar. Bütün bunlar yenidənqurma prosesinin nə qədər çətin olduğunu göstərir".
Xüsusi nümayəndə bildirib ki, minatəmizləmə sahəsində son beş ildə böyük irəliləyiş əldə olunub:
"Burada hava limanı inşa edilib, eyni zamanda dörd su anbarı, iki su elektrik stansiyası, üç əsas boru xətti inşa olunub. Bundan başqa, səkkiz yaşayış məhəlləsinin tikintisi planlaşdırılır. Onlardan biri artıq inşa edilib. Həmçinin kəndlər layihələndirilir və inkişaf etdirilir. İki yaşayış massivinin üzərində iş gedir, biri artıq inşa olunur".
E.Hüseynov Füzuli və Ağdamda beş məktəb və uşaq bağçasının da tikildiyini diqqətə çatdırıb:
"Yenidənqurma layihələri ilə yanaşı, mədəni və tarixi layihələr də var. Bunlar arasında Cümə məscidinin bərpasını qeyd etməliyəm. Bu məscid Ağdamda yerləşir və yeganə tikili idi ki, struktur baxımından salamat qalmışdı, amma tam şəkildə təhqir edilmişdi, çünki bu məsciddə donuzlar və inəklər saxlanılmış, tövləyə çevrilmişdi".