Qazi polkovnikin övladına kobud davranan DİREKTOR CƏZALANDIRILIB

 21-09-2022

Vətən Müharibəsi iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılıb.

BŞTİ-dən verilən məlumata görə, araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib: "Sentyabrın 19-da BŞTİ rəhbərliyi qazi polkovnik Elşən Umarovla görüşüb və övladının təhsili üçün yaradılmış şəraitlə bağlı söhbət aparılıb.
 
Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".
 
Qeyd edək ki, daha öncə yayılan məlumatlara görə, sözügedən hərbçi özünü direktora təqdim edərkən müharibə iştirakçısı olduğunu vurğulayıb. Sevinc Hüseynova isə qarşılığında “Burada şou göstərmək lazım deyil” ifadəsindən istifadə edib.

Bənzər yazılar

0.21370601654053