Azərbaycanda su tarifləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarşılamır.
MillətinSəsi.İnfo APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xidmətin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov deyib.
“Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər. Gələcəkdə Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiqi istisna edilmir."
Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret təkliflər hələ ki, müzakirə olunmur.
“Baxmayaraq ki, ictimaiyyətə müəyyən problemlər yaradır, amma yağıntılar bizim qızıl ehtiyatımızdır. Son 15 gündə dağlıq ərazilərdə və buzlaqlarda belə sürətli qarın yağması bizim su ehtiyatlarımızı artırıb”.
O bildirib ki, iqlim dəyişikliklərinin təsirlərinə baxmayaraq, Mingəçevir gölü, Şəmkir və Araz su anbarlarında su ehtiyatları 75%-dən çox artıb: “Son 10 ildə birinci dəfə olaraq bu artıma nail olmuşuq. Bu nəticə dövlət qurumlarının əlaqəli işləməsi və su ehtiyatlarının səmərəli idarə olunması deməkdir. Bu gün tam əminliklə deyə bilərik ki, yay dövründə istər Aran, istərsə də digər ərazilərdə su təminatı kifayət qədər olacaq. Lakin bu, sudan qeyri-səmərəli istifadə üçün əsas verməməlidir. Hər bir vətəndaş suyun qədrini bilməlidir. Suyun qorunmasında hər bir vətəndaşın borcu var ki, birgə olaq, işləyək. Ona görə də bu qarın yağmasına sevinmək lazımdır”.
A. Abbasov əlavə edib ki, yağış sularının yenidən istifadəsi ilə bağlı hazırda tədqiqatlar aparılır: “Əvvəllər bu işlərlə şəhər təsərrüfatı məşğul olurdu. Artıq iqtisadi əsaslandırmalar və elmi tədqiqatlar üzrə işlər görülür. Xüsusilə Bakı şəhərində yağış kollektorlarının qoyulması və genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir. Artıq bu suların ayrılması, dövlət su ehtiyatı kimi suvarmada istifadəsi və təbiətə qaytarılması istiqamətində layihələr icra olunur. Bakı ətrafındakı təbii göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yağış sularının bu mənbələrə yönləndirilməsi istiqamətində də işlər aparılır”.