İnsan danışır – cəmiyyət yaranır. İnsan yazır – mədəniyyət yaranır. Yazının, sözün bəşər tarixində yeri nə qədər dəyərlidirsə, onu daşıyan əlifba və onu yaşadan ədəbiyyat bir o qədər müqəddəsdir.
Azərbaycan xalqının zəngin mənəvi irsi məhz əlifba və ədəbiyyat vasitəsilə bu günümüzə çatmışdır. Qədim türk runik işarələrindən başlayaraq ərəb, latın, kiril və yenidən latın qrafikasına keçid – bunların hər biri sadəcə texniki dəyişiklik deyildi. Bu dəyişikliklər millətimizin düşüncə tərzini, dil duyumunu, ədəbiyyatın ifadə imkanlarını da dərin şəkildə təsirləndirmişdir.
Əlifba bir xalqın yaddaşı, tarixi və gələcəyə baxışıdır. Əlifbanı dəyişmək – sadəcə hərf dəyişmək deyil, bu, düşüncə sisteminə müdaxilədir. Bu gün biz latın qrafikası ilə yazırıq. Amma bu yol asan olmayıb. Keçmişdə ərəb əlifbası ilə yazılmış yüzlərlə əlyazma, klassik şeir və dini-fəlsəfi irs, kiril dövrünün nəsr və poeziyası – bunlar bizim tariximizin və mədəniyyətimizin parlaq səhifələridir.
Əlifbamız dəyişsə də, ədəbiyyat dəyişməz qaldı – xalqın qəlbində. Bu gün biz Nizamini, Füzulini, Sabiri oxuyuruqsa, bu, əlifba fərqindən asılı olmadan dilimizin və söz sənətimizin yaşarlığının sübutudur.
Ədəbiyyat – xalqın ruhunun səsi, vicdanının aynasıdır. Əlifba bu səsi yazıya çevirir, ədəbiyyat isə onu ürəklərə daşıyır. Bizim şairlərimiz və yazıçılarımız – Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Araz, Anar – hər biri dövrünün dili ilə xalqın səsini çatdırıblar.
Əgər əlifba yazının texnologiyasıdırsa, ədəbiyyat onun ruhudur. Onları bir-birindən ayırmaq olmaz. Çünki biri olmasa, digəri yaşamaz.
Bugünkü dövr informasiya əsridir. Gənclərin ədəbiyyatdan uzaqlaşdığı, dili sosial şəbəkələrin təsirinə məruz qaldığı bir zamanda əlifba tədrisinin gücləndirilməsi, ədəbiyyat dərslərinin müasir metodlarla aparılması zəruridir. Yeni nəslə həm klassikləri tanıtmaq, həm də müasir ədəbiyyatı sevdirmək üçün əlifba və ədəbiyyatın inteqrasiyalı öyrədilməsi vacibdir.
Əlifba və ədəbiyyat bir xalqın kimliyi, varlığı və davamlılığıdır. Onlara sahib çıxmaq, onları gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
Günel Hümmətova (Pəniyeva) Saleh
ADPU- nun Ədəbiyyatın tədrisi texnologiyası
kafedrasının baş müəllimi, f.ü.f.dok