Hər bir millətin varlığı onun dili ilə ölçülür. Dil isə sözlərin, səslərin və hərflərin vəhdətində canlanır. Əlifba isə bu ruhun ana açarıdır. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 24 ildir ki, ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik.
Ulu öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə qayğısı ilə bağlı Prezident İlham Əliyevin bu fikirlərini xatırlamaq yerinə düşər: “Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir”.
Bu gün nəinki sadəcə hərflərin, səslərin deyil, bütövlükdə milli mənəvi kimliyimizin təntənəsidir. Əlifba yalnız yazı vasitəsi deyil – o, dilimizin daşıyıcısı, tariximizin şahidi, gələcəyimizin təminatıdır.
Azərbaycan dili tarix boyu müxtəlif əlifbalardan istifadə edib: qədim türklərin Orxon-Yenisey yazılarından tutmuş ərəb qrafikalı əlifbaya, daha sonra latın, sonra kiril, və nəhayət, yenidən latın qrafikalı əlifbaya keçid – bu yol həm tariximizin, həm də dilimizin inkişaf mərhələləridir.
1992-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası latın qrafikalı əlifbanın rəsmi qəbul olunması ilə milli dil siyasətində əhəmiyyətli bir addım atdı. Bu keçid sadəcə qrafik dəyişiklik deyil, həm də siyasi, mədəni və mənəvi azadlığın simvolu idi.
Əlifba uşaqların ilk tanış olduğu, dünyaya açılan pəncərələridir. “A, B, C…” deyərək tələffüz etdiyimiz hər bir səs bizi kitaba, biliyə, kimliyə aparır. Bu gün məktəblərdə oxuyan minlərlə şagird yeni dövrün tələblərinə uyğun latın əlifbası ilə təhsil alır, ana dilini bu qrafika ilə öyrənir.
Əlifbamız əslində müstəqil düşüncənin simvoludur. Hər bir xalq öz əlifbası vasitəsilə yaddaşını, tarixini, ədəbiyyatını, sənətini yaşadır. Məhz buna görə də Əlifba Günü yalnız təqvimdə qeyd edilən bayram yox, xalqımızın qürur günüdür.
Unutmayaq: əlifbamız varlığımızın bünövrəsidir. Onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə sevdirərək ötürmək hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.
Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili
kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru