Nazir Mikayıl Cabbarov: "Azərbaycan qazının Yaxın Şərqə ixracı bir sıra mühüm məqamları ilə diqqət çəkir"

 02-08-2025

Azərbaycan qazının Suriyaya, ümumilikdə isə Yaxın Şərqə ixracı bir sıra mühüm məqamları ilə diqqət çəkir.

Milletinsesi.info -ın "Report"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, ilk növbədə bu, Azərbaycanın artıq 14 ölkəyə təbii qaz təchiz etməsi fonunda baş verir: "Bu fakt ölkəmizi təkcə regionda deyil, qlobal səviyyədə də mühüm qaz təchizatçısına və enerji təhlükəsizliyinə töhfə verən dövlətlərdən birinə çevirib".

Mikayıl Cabbarov vurğulayıb ki, bugünkü hadisə Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və geoiqtisadi siyasətin məntiqi nəticəsidir və Azərbaycanın qaz ixracı həcmlərinin artırılmasının əsas məqsədi kommersiya baxımından faydalı nəticələr əldə etməkdir.

Onun sözlərinə görə, qaz ixracının həcminin artırılması və ya sabit saxlanılması özü-özlüyündə məqsəd deyil:

“Əsas məqsəd odur ki, Azərbaycan öz üzərinə götürdüyü müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirsin. Bu, ölkəmizin beynəlxalq nüfuzuna xidmət etməli və eyni zamanda kommersiya nöqteyi-nəzərindən səmərəli olmalıdır. Yəni burada əsas qiymətləndirmə meyarı rəqəmlər deyil, bu kimi faktorların və nəticələrin birgə sintezidir”.

Nazir əlavə edib ki, qaz bazarında vəziyyət daim dəyişkən xarakter daşıyır və bu dinamika planlaşdırmanı da şərtləndirir.

“Bu səbəbdən məqsəd kimi sadəcə rəqəmləri deyil, yuxarıda sadalanan kriteriyaların ümumi balansını əsas götürməliyik”, - deyə M. Cabbarov vurğulayıb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 4 milyard 541 milyon 622,15 min ABŞ dolları dəyərində 12 milyard 364 milyon 984,82 min kubmetr həcmində təbii qaz ixrac edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 4,56 %, dəyəri isə 11,62 % çoxdur.

 

Bənzər yazılar

0.065751075744629