Son iki ildə 5 300 müəllim sertifikatlaşdırma imtahanlarından kəsilib

 10-02-2025

"Son iki il ərzində 5 300 müəllim sertifikatlaşdırma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb".

MillətinSəsi.İnfo "Report.az"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəllimlərlə aparılan iş ağrılı prosesdir: "İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılır".

Nazir bildirib ki, növbəti üç il ərzində də bu islahatlar davam etdiriləcək: "İslahata başlayanda sıfırdan yox, mənfi 1-dən başlayıb sıfıra getmək əsas problemdir. Əgər dəyişikliyi indidən etməsək, bəzi müəllimlərin sonrakı 20-30 il ərzində fəaliyyətini düşününcə nəticə heç də ürəkaçan olmaz".

E.Əmrullayev vurğulayıb ki, 2026-cı ilə qədər ölkə üzrə bütün fənn müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur:

"Əgər islahatlarımız uğurla davam etsə, nəticəsi zəif olan müəllim sayı azalacaq, amma bir müəllimə düşən şagird sayı da artacaq. Eyni zamanda, gənc müəllimlərin də təhsil sahəsində sayı 20% artacaq. İmtahan nəticələrinə baxsaq, gənc müəllimlərin məzunlarından çox az sayda zəif nəticə göstərən olub. Əksəriyyət testdən uğurla keçib. İslahatlar ən zəif müəllimlərin daha gənc və istedadlı müəllimlərlə əvəz olunmasına gətirib çıxaracaq.

Realist olmaq lazımdır – PISA 2029 (Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramı) reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq. 

Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük", - deyə E.Əmrullayev əlavə edib.

Nazir qeyd edib ki, cəmiyyətin də buradakı məsuliyyəti böyükdür: "Təhsildə irəliləyiş əldə etmək üçün valideynlər və məktəb icmaları fəal iştirak etməlidir. Əsas diqqət böyük problemlərə deyil, sinif otaqlarına yönəlməlidir. Əgər övladınız müəllimindən keyfiyyətli təhsil almırsa, həmin anda səsinizi çıxarın, nəticələri görəndən sonra yox. Çünki bu, təhsil sistemində dəyişiklik yaratmaq üçün əsas məsələ – hesabatlılıq və valideynlərin təhsilə cəlb olunmasıdır".

Bənzər yazılar

0.060896158218384