Bankımız vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.
Ölkə.Az xəbər verir ki, bu barədə Milli Qəhrəman Hökümə Əliyevanın ailəsinin pulunun oğurlanması ilə bağlı açıqlama verən "Kapital Bank"ın növbəti məlumatında bildirilib.
Xatırladaq ki, H.Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manatın kartdan oğurlanması ilə bağlı cinayət işi başlanıb.
DİN Mətbuat xidmətindən Ölkə.az-a bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə dərhal cinayət işi başlanılıb.