İngiltərədə yaşayan gənc qadının aldığı çamadanın içərisindən çıxanlar heyrətə gətirib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Londonun Hitrou hava limanından unudulan çamadan alan qadın içərisində minlərlə funt-sterlinq dəyərində əşyalar tapıb.
Çeşirdən olan Beki Çorltonun hava limanından 80 funt-sterlinq (təx.169 manat) aldığı çəhrayı çamadandan bahalı geyimlər və elektron cihazlar tapıb. Gənc qadının paylaşdığı video sosial şəbəkədə böyük marağa səbəb olub.
"Bu, mənim üçüncü itirilmiş baqaj əməliyyatımdır. Bu, mütləq risklidir, lakin inanılmaz dərəcədə əyləncəlidir" – o deyib.
Qadın əlavə edib ki, çamadanın içindəkilər çox təsadüfi olub və adi sərnişin çamadanına bənzəmir.
Qeyd edək ki, Hitrou hava limanının rəsmiləri itirilmiş əşyaları 3 ay saxlayırlar. Çamadan sahibləri bu müddət ərzində müraciət etsələr, 25 funt-sterlinqə qədər ödəniş qarşılığında əşyalarını geri ala bilərlər. Sahibsiz çamadanlar isə hərrac yolu ilə satışa çıxarılır.
Billurə