"Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq".
"Report.az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzulu beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycan sülhün prinsiplərini işləyib-hazırlayıb:
"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində maneələrdən danışdıqda qeyd edilməlidir ki, 30 il Azərbaycan əraziləri Ermənistan işğalı altında olub. 2020 və 2023-cü illərdə ərazilərimiz işğaldan azad ediləndən sonra isə Ermənistana sülh barədə təkliflərimizi göndərmişik. Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq".
O bildirib ki, sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən biri masa arxasında Ermənistan nümayəndə heyətinin üzvlərinin fərqli mövqelərdən çıxış etməsidir:
"ABŞ, Rusiya, Qazaxıstanda sülh üçün danışıqlar aparılıb. Ancaq sülh müqaviləsinin imzalanmasında maneə nədir ki, dayanıqlı sülh əldə olunmur? Birinci maneə odur ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunub. İkinci maneə isə masa ətrafında oturduqda Ermənistanın nümayəndə heyətlərinin fərqli mövqeləri müdafiə etməsidir".
E.Məmmədov diqqətə çatdırıb ki, ikinci məsələ Ermənistanın Roma Statutuna qoşulması ilə bağlıdır. Digər məqam isə onların Azərbaycan əleyhinə fikirləridir:
"Əgər ölkələr sülh istəyirlərsə, razılığa gəlməlidirlər. Azərbaycana qarşı aqressiyasına baxmayaraq, Ermənistanla razılığa gəlmək mümkündür. İnanıram ki, qarşı tərəf səsimizi eşidəcək, Qafqazda sülhə və tərəqqiyə nail olacağıq. Ermənistan hökuməti 30 ildə öz sərhədlərini müəyyənləşdirməyib.", - nazir müavini əlavə edib.
Onun sözlərinə görə, ölkə konstitusiyasında qeyd olunur ki, Ermənistan dövlətçiliyinin əsasları xalqın milli hədəflərini ehtiva edir:
"Ermənilərin milli ideologiyası isə odur ki, Qarabağ Ermənistanın bir hissəsidir. Ermənistan 30 ildə öz sərhədlərini müəyyənləşdirmədi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər hələ də qalır. Biz hələ də beynəlxalq məhkəmələrə bu cür məsələləri çıxarmamaları ilə bağlı danışıqlar aparırıq".