Hörmətli 9,10 və 11-ci sinif şagirdləri, ali məktəbə daxil olmaq əzmi ilə çalışırsınız. Bütün gücünüz və enerjinizi hədəfinizə çatmaq yönündə istifadə edirsiniz. Bəziləriniz isə düşünür ki, dərslər başlasa da, hələ qarşımızda 1-2 il və yaxud 9-10 ay var, vaxtımız çoxdur, zamanı gələndə oxuyub çatdıraram. Bu arxayınlıq sizləri uçuruma apara bilər və bu tip fikirlərlə özünüzü aldadırsınız.
Reallıq isə başqadır, günlər sürətlə irəliləyir və sizi qəbul imtahanına yaxınlaşdırır. Hər günün öz işi, öz yükü var.
Atalarımızın gözəl sözü var: “Bu günün işini sabaha qoyma”.
Həmçinin qəbul imtahanında müvəffəqiyyət qazana bilməyən abituriyentlər (məzunlar) ali məktəblərə qəbul üçün hazırlaşırlar.
Dəyərli məzunlar, ötənilki imtahanda olan müvəffəqiyyətsizlik sizi ruhdan salmasın. Yenidən özünüzü toplayıb hazırlaşın. Ola bilər ki, bu il daha çox bal toplayıb, ürəyinizcə olan fakültəyə daxil olarsınız. Kənardan danışılan mənfi sözlərə fikir verməyin. Cəhdlərinizdən geri qalmayın, heç vaxt, heç nə gec deyil. Hər kəs öz zamanını yaşayır. Məsələn, Barak Obama 55 yaşında ABŞ prezidentliyindən pensiyaya çıxdı, Tramp isə 70 yaşında prezident seçildi. Hər kəsin öz həyatı, taleyi var, sadəcə çalışmaq lazımdır. Qurani-Kərimdə də belə deyilir: “Hər kəsə çalışdığı vardır”.
Tədris uzunmüddətli prosesdir. Burada diqqətli olmalı və müəllimlərin verdiyi tövsiyələri əldə rəhbər tutmalısınız.
1. Dərs oxuma proqramı hazırlayın
Ali məktəbə hazırlaşmaq üçün mütləq bir dərs oxuma proqramınız olmalıdır, çünki plansız işlər nəticə vermir. Bu proqram, əlbəttə, sizə uyğun olmalıdır, hər kəsin dərs oxuma proqramı fərqli ola bilər. Bu proqramda sizin hansı dərsə nə qədər vaxt ayıracağınız, gündəlik neçə ədəd sual həll edəcəyiniz göstərilməlidir.
2. Məkan
Dərs oxumaq üçün ayrıca otağınız olmalıdır. Buna imkan yoxdursa, otaqların birində özünüzə dərs oxuma guşəsi düzəldin.
Yazı stolunuzun üstü səliqəli olmalıdır ki, diqqətiniz dağılmasın. Həm masada, həm də divarlarda sizi dərs oxumağa və çalışmağa sövq edəcək materiallar olmalıdır.
3. Qeyd götürmək
Hər kəsin dərs oxuma metodu bir-birindən fərqlidir, bütün hallarda hazırlaşan hər abituriyent mütləq qeyd tutmalıdır. Qeydi həm dərs əsnasında, həm də dərsdən sonra evdə oxuyarkən də götürmək lazımdır. Qeyd tutarkən həm yazır, həm görür, həm də oxuyursunuz, bu da həmin qeydin yaddaşınızda uzunmüddətli qalmasını təmin edir.
4. Evdə də dərs oxuyarkən mütləq tənəffüs sisteminə riayət edin. Tənəffüs etmədən dərs oxumaq həm yorucu, həm də sıxıcı olar. 40 dəqiqə oxuyun, 10 dəqiqə təkrarlayın və 10 dəqiqə tənəffüs edin. Bu, faydalı üsuldur.
5. Dərs oxuma istəyiniz hər zaman eyni qalmaya bilər. Bəzən yorulacaq, bəzən sıxılacaqsınız. Bu zaman özünüzü mükafatlandırın. Məsələn, özünüzə kofe hazırlayıb içə və yaxud xüsusi dadlı meyvələr alıb yeyə bilərsiniz.
Yorulmadan ümid və inamla irəli!
Təhsil eksperti, BSU-nun doktorantı, Zəka Kurslarının direktoru Rafiq Məmmədov