“Politico Europe” nəşrinin “Avropanın Azərbaycan qazı qambiti Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqalə dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil.
APA.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində yazıb.
Bildirib ki, sözügedən məqalə peşəkar faktların yoxlanılmasından məhrumdur və dedi-qodu, şayiələrlə tamamlanır.
“Avropa jurnalistikasının və media standartlarının belə aşağı səviyyəyə düşməsi, yumşaq desək, biabırçılıqdır. Avropa İttifaqı qlobal media dezinformasiyalarına xüsusi həssaslıq və narahatlıqla yanaşır. Bu başa düşüləndir! Bəs Avropa mediası saxta xəbərlər və başqaları haqqında yalanlar yaymaqla məşğul olanda reaksiyalar necə olur?” – H. Hacıyev yazıb.
O qeyd edib ki, təkcə 2024-cü ildə Azərbaycanın Rusiyadan heç bir qaz idxal etməməsi faktı bu yazını tamamilə təkzib edir:
“Azərbaycanın qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. Biz “Politico Europe”dan üzr istəməsini və bu saxta məqaləni geri götürməsini tələb edirik!”.