Elektromobil almaq üçün iki əsas şərt - Nələrə diqqət edilməlidir?

 04-11-2024

Ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb. Hazırda elektrikli avtomobillərin infrastrukturu ilə bağlı aidiyyəti qurumlar və özəl sektor tərəfindən işlər aparılır.

Bütün dünyada olduğu kimi, ölkəmizdə elektrikli avtomobillərə maraq artıb. Satış göstəriciləri də bunu sübut edir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə çıxışı zamanı bildirib ki, ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb. Həm ekoloji, həm də iqtisadi baxımdan bu avtomobillər olduqca sərfəlidir. Elektrikli avtomobillər təmiz enerji ilə işlədiyi üçün karbon emissiyalarını azaldır və ətraf mühitə daha az zərər verir. Həmçinin yanacaq xərcləri də ənənəvi daxili yanma mühərrikləri ilə müqayisədə aşağıdır. Lakin müsbət tərəfləri çox olsa da, əhalinin bir qismində elektrikli avtomobillərə inam tam formalaşmayıb. Kimisi şarj stansiyalarının azlığından ehtiyat edir, kimisi usta çatışmazlığından, kimisi də xidmət mərkəzlərinin az olmasından narahatdır.

Məlumat üçün bildirək ki, 2024-cü ilin mart ayında Prezident İlham Əliyev ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, "Azərenerji” ASC və "Azərişıq” ASC-nin təklifləri əsasında hökumətə bir ay ərzində elektrik şarj stansiyalarının yerləşdirilməsi və quraşdırılması yerlərini müəyyən etmək tapşırılıb.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, hazırda Bakı və bölgələr üzrə quraşdırılmış şarj aparatlarının sayı 200-ü keçib: "İlin sonuna qədər bu rəqəmin artması planlaşdırılır. Hazırda elektrikli avtomobillərin infrastrukturu ilə bağlı aidiyyəti qurumlar və özəl sektor tərəfindən işlər aparılır. Əvvəllər elektromobillərlə bölgələrə səfər etməyə qorxub çəkinirdiksə, indi rahatlıqla gedə bilirik. Çünki şarj stansiyaları ilə bağlı problem olmayacaq. Biz assosiasiya olaraq avqust ayında elektrikli avtomobillərin böyük bir karvanı ilə Nabrana yürüş etdik. Əyani olaraq göstərdik ki, bir dəfə şarj etməklə, Bakıdan Nabrana gedib, qayıtmaq mümkündür. Həmçinin Qəbələ istiqamətinə də yürüş planlaşdırırıq. Bununla da sübut edəcəyik ki, elektromobillərlə rahatlıqla dağlıq yollara, uzaq məsafəyə getmək mümkündür”.

Məlumdur ki, elektrikli avtomobillərlə bağlı sürücüləri narahat edən ikinci məqam ehtiyat hissələrinin azlığı, ixtisaslı usta çatışmazlığıdır. Mütəxəssis bildirir ki, avtomobili rəsmi nümayəndəlikdən aldıqda, onun ustası da, zəmanəti də, ehtiyat hissəsi də olur: "Amma tanımadığınız şirkətlərdən, fərdi şəxslərdən aldıqda, avtomobilin servisə ehtiyacı olan vaxt nə ustasını tapacağıq, nə zəmanət verənini, nə də ehtiyat hissələrini. Çünki avtomobillər müxtəlif növlərdə bazara daxil olur. Bəzən görünüş, marka eynidir, amma onun 2-3 versiyası ola bilər. Bir çox hallarda avtomobildə sıradan çıxan detal məhz bu fərqliliklə bağlı olur. Ona görə də avtomobili rəsmi idxalçıdan almaq məsləhətlidir. Bu zaman avtomobildə hansısa problem yarandıqda, döyüləcək qapını tanıyırsınız. Düzdür, rəsmi idxalçılarla fərdi satanlar arasında qiymət fərqi var. Amma biz artıq pul ödəməklə gələcəkdə yarana biləcək hadisələrdən özümüzü sığortalaya bilirik”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu ilin ilk səkkiz ayı ərzində ölkəyə daha çox elektromobil gətirilib: "Məlumdur ki, ölkədə elektromobillərin idxalına hər hansı gömrük və vergi rüsumu tətbiq edilmir. Bu gün siz ölkəyə 50 min manat civarında elektromobil gətirdikdə, təxminən, 300 manat rüsum ödəyirsiniz. Bu, həm fərdi avtomobil gətirən vətəndaşlar, həm də hüquqi şəxslər, sahibkarlar üçün olduqca sərfəlidir. Əvvəllər elektromobillər daha çox qeyri-rəsmi gətirilirdi və rəsmi xidmət mərkəzləri olmurdu. Artıq bunlar rəsmi diler və distributorlar tərəfindən gətirilir, bu da özlüyündə vətəndaşda elektromobil almağa güvən yaradır”.

Enerjidoldurma məntəqələrinin sayına gəldikdə isə, mütəxəssis bildirir ki, bu məntəqələrin yaradılması üçün lazım olan avadanlıqlar da dövlət tərəfindən idxal zamanı rüsumlardan azad edilib: "Bu da sahibkarlar üçün fürsətdir ki, bu avadanlıqları gətirsinlər və enerjidoldurma məntəqələrinin sayını artırsınlar. Bu gün 300-ə yaxın enerji doldurma məntəqəsi var, onun təxminən 200-ü dövlət tərəfindən quraşdırılıb, qalanlarını isə özəl qurumlar özləri təşkil edirlər. Bu say durmadan artır. Hər gün "Azərişıq” tərəfindən ən azı bir enerji doldurma məntəqəsi quraşdırılır. Düşünürəm ki, bu ilin sonuna qədər ölkə üzrə ən azı 500 enerjidoldurma məntəqəsi olacaq. Elektromobillərin sayı enerjidoldurma məntəqələrinin sayına mütənasibdir. Bu o deməkdir ki, enerjidoldurma məntəqəsi nə qədər çox olacaqsa, elektromobillərin sayı da bir o qədər artacaq”.

Mütəxəssis də təsdiqləyir ki, elektromobil istifadəçilərinin bəzilərinin şikayəti ehtiyat hissələrinin və ustasının olmaması ilə bağlıdır: "Bu da ondan irəli gəlir ki, bizim vətəndaşlar bəzən ölkədə rəsmi dileri fəaliyyət göstərməyən elektromobilləri alırlar. Bu zaman əlbəttə ki, onların nə ustası olur, nə də ehtiyat hissəsi. Ona görə də biz vətəndaşlarımıza tövsiyə edirik ki, ölkədə rəsmi servisi olan və Avropa standartlarına cavab verən, yəni Avropa üçün istehsal olunan elektromobilləri alsınlar ki, təmir zamanı hər hansı problem yaşamasınlar. İkinci əsas məqam odur ki, elektromobil alarkən çalışmaq lazımdır onun zəmanəti olsun. Vətəndaşlarımız bu iki əsas şərtlərə əməl etsələr, problem yaşamazlar”.

 

Bənzər yazılar

0.1181800365448