Bakıda bəzi ərazilərdə söküntü işləri aparılacaq. Bəzi fərdi evlər söküləcək, ətrafda təmizlik işləri görüləcək, əvəzində parklar salınacaq və hündür mərtəbəli binalar inşa olunacaq.
“Baku.ws” kanalı xəbər verir ki, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu dekabr və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək.
Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, “Sevirəm” parkının davamı olacaq və parkın ərazisi xeyli genişlənəcək. Məlum sökünütü işlərini aparmaq üçün evlərə və obyekt sahiblərinə hər kv.metrə 2-3 min manat arası kompensasiya təklif edilib.
Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq. Söhbət “Təzəpir” məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq. Yaşayış evlərinin sökülməsi və vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq, bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Digər söküntü işləri isə Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə aparılacaq. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. 10-a yaxın sakin ilə isə hələlik danışıqlarda razılıq əldə olunmayıb. Sakinlərdən birinə 13 kvadrat metr evi üçün 130 min manat kompensasiya təklif edlsə də, evindən çıxmaqdan imtina edib. Bu sakinlərlə də razılıq əldə olunmaq üçün kompensasiya və ya yeni tikiləcək hündür mərtəbəli binalarda evlər təklif olunacaq.