Kənd təsərrüfatı məhsulu və tikinti materiallarının ixracından əldə olunan 140 milyon manatdan artıq vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, istintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin Azərbaycanda müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edilib ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama , ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələri ilə başlanmış cinayət işi üzrə “Foresta”, “Gold Plant”, “Alyans Aqro” və “Shemkir Fruit” MMC tərəfindən ümumilikdə 31 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 52 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən ediibn.
Qurbanov Rüstəm Bayram oğlu və Rüstəmov Elçin Ənvər oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və Rüstəm Qurbanovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı, Elçin Rüstəmovun barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə “Critical Fruit” MMC, “Local Garden” MMC tərəfindən ümumilikdə 33,5 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 57 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Xalıqov Fuad Elşad oğlu, Abbaszadə Elnur Hidayət oğlu, Əsgərov Kahin Muxtar oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Qeyd olunan maddələrlə onlara ittiham elan edilib, Elnur Abbaszadə və Fuad Xalıqov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, Kahin Əsgərov isə cinayət təqibini həyata keçirən orqandan gizləndiyi üçün barəsində axtarış elan edilib.
Bundan başqa, Bakı şəhəri Binəqədi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə “Paradise Fruits” MMC tərəfindən ümumilikdə 14 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 23 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edilib.
Bu səbəbdən Hüseynov İlkin Elmik oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Həmçinin qeyd edilib ki, Bakı şəhəri Nizami rayon prokurorluğunda başlanmış cinayət işi üzrə vətəndaş Qəbilov Saleh Rza oğlunun ümumilikdə 22 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 38 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bakı şəhəri Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə “Aqroinnova” MMC tərəfindən ümumilikdə 1,6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Cəbrayılov Mehman Caylı oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.