COP 29 zamanı bu marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq

 01-11-2024

COP 29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda təxminən 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkətinin dayandırılması nəzərdə tutulub.

Bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

"Sabahdan hər bir marşrut haqqında məlumatları paylaşacağıq. Bu məlumatlarda hansı maşrutlar üzrə avtobusların hərəkətinin dayandırılacağı və altenativ marşrutlar göstəriləcək. Sadəcə indi bu böyük siyahını birdəfəlik paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Ona görə də bu məlumatları bir-bir paylaşmağa üstünlük veririk", - deyə A.Rzayev əlavə edib.

Anar Rzayev brifinqdə deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarının rahat hərəkəti üçün çəkilən COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək.

O bildirib ki, bu taksilər qırmızı rəngli, elektrik mühərrikli taksilərdir: "Vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".

Bundan başqa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər olacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, hazırda "Koroğlu" metro stansiyası ətrafından 30-dan çox marşrut fəaliyyət göstərir:

“Konfrans günlərində bu metro stansiyası ətrafından – “Piramida” adlanan ərazidən 3 marşrut işləyəcək. Bunlar 163, 184 və 214 nömrəli marşrut xətləridir. Üzbəüz tərəf isə tamamilə COP29 əməliyyatları üçün istifadə olunacaq. Həmin 3 marşrut əsasən Bakının Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcək. "Koroğlu" metro stansiyasına gələn marşrutların əksər hissəsi "Ulduz" metro stansiyası istiqamətinə yönəldiləcək və bu da təxminən 12 marşrut deməkdir. Digər marşrutlar isə "Qara Qarayev" və digər metro stansiyalara yönəldiləcək. Bu barədə ictimaiyyətə mütəmadi məlumatlar veriləcək”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev qeyd edib ki, ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşların “Avtovağzal” metro stansiyası istiqamətinə yönəlmələri tövsiyə edilir: “Onlar metro ilə və metro stansiyanın qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzindən 27 marşrut üzrə şəhərin müxtəlif yerlərinə gedə bilərlər”.

Bənzər yazılar

0.1189820766449