Adətən, vətəndaşlar mənzil alarkən onun təmirsiz olmasına daha çox üstünlük verirlər. Bunun bir neçə səbəbi var. Xüsusən, gənc cütlüklər şəxsi zövqləri əsasında təmir etməyə üstünlük verdikləri halda, bir çox ailələr təmirli mənzillərin aşağı keyfiyyətdə olduğunu düşünürlər. Lakin digər başlıca səbəb mənzil satışı bazarında təmirli mənzillərin təmirsiz mənzillərə nisbətən baha olması ilə bağlıdır.
Xərc baxımından hansı daha sərfəlidir: təmirli ev almaq, yoxsa evi alıb təmir etdirmək?
Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, köhnə tikililərdə bu fərq özünü çox da göstərmir:
“Əsasən köhnə tikili mənzillərdə təmirli və təmirsiz olanlar arasında ciddi qiymət fərqi yoxdur. Bu onunla əlaqədardır ki, köhnə mənzillərdə əmlakın təmiri zəif olsa belə, vətəndaşlar alıb yaşamağa üstünlük verirlər. Amma yeni tikililərdə təmirli mənzillərin qiyməti təmirsizlərdən kəskin surətdə fərqlənir. Bu hər kvadratmetrdə ən az 150 manat fərqlə özünü göstərir. Məsələn, eyni binada təmirsiz mənzilin kvadratı 2000 manata satılırsa, təmirli mənzillər ən azı 150-200 manat daha baha satılır”.
Ekspertin fikrincə, təmirli və təmirsiz mənzil seçimi daha çox alış məqsədinə görə dəyişir:
“Doğrudur, bəzən vətəndaşlar təmirsiz mənzil almağı ona görə istəyir ki, öz zövqlərinə uyğun şəkildə təmir etsinlər. Təmirli mənzil onlara sərf etmir. Amma ümumən yeni tikililərdə təmirli mənzillərin qiyməti təmirsizlərdən baha olur. Onsuz da bir mənzilin təmiri üçün hər kvadratmetrinə görə ən az 300 manat vəsait lazım olur. Təbii ki, binadan və mənzildən asılı olaraq, təmirli-təmirsiz əmlakların qiymət fərqi daha çox ola bilər”.