Bakı-Sumqayıt yolundakı tıxaca əlac tapıldı - "Park in Drive" paytaxtın əsas problemini həll edəcək?

 31-10-2024

Bakı-Sumqayıt yolunda yaranan tıxaclar həm sürücüləri, həm də sərnişinləri ciddi narahat edən məsələlərdəndir.

BAKU.WS-nin məlumatına görə, gündəlik iş və təhsil gediş-gəlişini əhəmiyyətli dərəcədə çətinləşdirən bu vəziyyət sürücülər arasında gərginlik yaradır, həmçinin vaxt itkisinə səbəb olur.

Xüsusilə səhər və axşam saatlarında yolda sıxlıq artaraq hərəkətin ləngiməsinə gətirib çıxarır. Bu vəziyyətdə sürücülər yol infrastrukturunun və hərəkət idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünür, çünki onların əsas narahatlıqları arasında yolun dar olması, alternativ yollara çıxışın məhdudluğu və yol qəzalarının səbəb olduğu əlavə gecikmələr var.

Mövcud problemlə bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, məsələyə Bakı-Sumqayıt yolu kimi deyil, mobillik kimi baxmaq lazımdır:

"Sumqayıt və Xırdalandan Bakı istiqamətinə gedənlər hansı növlərlə səfər edə bilir. Bakının Baş Planında bununla bağlı nəyin nəzərdə tutulması əsas götürülməlidir. Bizim mövcud dəmiryolu şəbəkəmiz var. Fikrimcə bu sahədə qatar və stansiya sayı arıtırlmalıdır ki, yerüstü metro funksiyası daşıya bilsin. Bu məsələdə dəmiryolu əsas yükü götürməlidir.

Artıq mövcud yolda avtobus zolaqları da təşkil olunub. Bu da "Avtovağzal" metrostansiyası ilə əlaqələnir. Baş Planda nəzərdə tutulduğu kimi Bənövşəyi xətt şəhər mərkəzinə - Dəniz vağzalı və Ağ şəhərə kimi gəlib çıxmalıdır. Lakin Bənövşəyi xəttin intervalı 7 dəqiqə deyil, 2 dəqiqə olmalıdır.

Burada metronun yaşıl xəttini də nəzərə almaq lazımdır. "Koroğlu", "Dərnəgül" və "Xətai"-"Həzi Aslanov" xətləri, eyni zamanda "Dərnəgül" deposunun tikilməsi olduqca vacibdir. Çünki qatar "Dərnəgül"dən həm "Elmlər Akademiyası" istiqamətinə, həm də "Koroğlu" istiqamətinə sərnişin aparır. Əgər bənövşəyi xətt "Xətai" metrostansiyasına qədər uzanarsa, "Xətai"dən "Həzi Aslanov" istiqamətinə və "Həzi Aslanov"dan üzü Sumqayıt istiqamətinə səfər etmək imkanı yaranacaq.

Belə imkanlar yarandığı tədirdə sərnişin axını parçalanır və şəhər nəqliyyatı tam fərqli cür inkişaf edir. Bu iki element - həm dəmiryolu, həm də metro bibaşa insanların səfərlərinə təsir edəcək".

Ekspert əlavə edib ki, "Avtovağzal" metrostansiyası ərazisində "Park in Drive" (Park et, səfərini ictimai nəqliyyatla davam et) təşkil olunmalıdır: "Bu, şəhər daxilinə gedən avtomobillərə təsir edəcək. Bununla yanaşı Baş Planın özündə Bakı ətrafında avtomobil yollarının tikintisi nəzərdə tutulub. Həmin yol Azadlıq prospektindən şimal istiqamətinə Masazır gölünün yanı ilə Sumqayıta çıxışı ehtiva edir.

Eyni zamanda şəhərin yarımdairəvi yollarının tamamlanması da nəzərdə tutulub ki, bu da nəqliyyat axınının parçalanması, fərqli nöqtələrdən giriş imkanının yaranmasına gətirib çıxaracaq. Ümumi olaraq daha çox sərnişin daşıyan nəqliyyat növlərinin inkişafı bu məsələni köklü həll edə bilər. Bu gün investisiyanın artırılmasına ehtiyac var. Baş Plan baxışdır, lakin onun icraasını təmin edən vəsaitdir. Bu gün həmin vəsaitin ayrılmasına gərək var və bu işlərə nə qədər tez başlanılarsa, nəticələri bir o qədər tez görə biləcəyik".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən BAKU.WS-ə qeyd dilib ki, avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir: "Sərnişindaşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Avtobuslar üçün xüsusi zolaq ayırsaq, yolun buraxılış qabiliyyəti dəfələrlə artır.

İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Beləliklə, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Eyni zamanda, avtobus üstünlüyünün təmin edilməsi küçənin daşınan əhali sayına görə buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox sərnişinin danışmasına imkan yaradır.

Hazırda Bakı və Abşeron rayonunun 31 küçə və prospektlərində 90 km-ə yaxın avtobus zolağı təşkil edilib. Bu işlər Bakı-Sumqayıt şosesində də həyata keçirilib.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.

AYNA tərəfindən aparılan son təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 15 dəqiqə qısalıb".

 

Bənzər yazılar

0.11505007743835