DSX 150 hərbçi ailəsini öz evlərindən çıxarır - PREZİDENTƏ MÜRACİƏT / VİDEO

 29-10-2024

Onların bir çoxu 30 ildən çoxdur ki, hərbi şəhərcikdən kənarda yerləşən bu mənzillərdə daimi qeydiyyatdadırlar

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər şəxslərinin qanunsuz əməlləri ilə bağlı “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. 150 ailə adından göndərilən məktubu olduğu kimi təqdim edirik:

“Biz, Dövlət Sərhəd Xidmətinin ehtiyatda və istehfada olan hərbi qulluqçuları və ailə üzvləri, bildiririk ki, müxtəlif vaxtlarda (Sovet hökuməti dönəmi, Milli Təhlükəsizlik Nazirliyi və DSX dönəmində) ehtiyata və istefaya buraxıldıqdan sonra Lənkəran şəhərinin mərkəzində yerləşən N saylı hərbi hissənin hazırkı hərbi şəhərciyindən tamamilə kənarda yerləşən binalarda mənzillərlə təmin olunmuşuq. Bu mənzillər, əsasən Ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə verilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən mənzillərdə yaşayan rus və Azərbaycan əsilli vətəndaşların ünvanına müxtəlif vaxtlarda evlərin tərk edilməsi ilə bağlı xəbərdarlıq məzmunlu bildirişlər göndərilir və ailələr mütəmadi olaraq narahat edilir. Baxmayaraq ki, ailələr uzun müddətdir (10-30 il) bu evlərdə daimi qeydiyyatdarırlar və bütün kommunal təminatları Lənkaran Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bununla belə, DSX hərbi şəhərcikdən kənarda olan bu evlərin onlara məxsus olduğunu və 150 ailənin hər birinin mənzillərdən çıxmalı olduğunu iddia edir”.

Şikayətçilər bildirir ki, bu mənzillərdə yaşayanların bir qismi SSR dönəmində xidmət etmiş hərbi qulluqçulardır: “Hansı ki, onlar Sovet Qoşunları Azərbaycan ərazisini tərk edərkən könüllü olaraq Azərbaycan Sərhəd Qoşunlarında qalıb xidmətlərini davam etdirmiş Rusiya əsilli Azərbaycan vətəndaşları və 20 ildən artıq xidmət etmiş 45-70 yaş arası ehtiyatda olan hərbi və mülki qulluqçulardır. Qeyd etmək istəyirik ki, bizim bu mənzillərdə yaşamağımız Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğundur. Sizdən xahişimiz budur ki, Lənkəran şəhərində bizə orderlərlə verilmiş, uzun müddətdir qeydiyyatda olduğumuz bu evlərin qanuni şəkildə özəlləşdirilməsi və adlarımıza keçirilməsi məsələsini ictimailəşdirəsiniz ki, Ali Baş Komandan bundan xəbərdar olsun.

Əlavə olaraq bildiririk ki, Ali Baş Komandana etdiyimiz bütün müraciətlər dövlət başçısına  çatdırılmır. Dövlət struktur qurumlarına etdiyimiz müraciətlər isə qanunsuz olaraq yenidən DSX-ya yönəldilir”.

Redaksiyadan: Mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Hazırladı: KƏNAN

Mənbə Hürriyyət.az

Bənzər yazılar

0.31955099105835