Ehtiyatsızlıqdan qırılan məhsula görə müştəri zərəri ÖDƏMƏLİDİR?

 27-10-2024

Hansısa mağazada, xidmət obyektində istəməyərəkdən nəyəsə toxunub qırmaq, ya da həmin məhsulu yararsız hala salmaq kimi hallarla çoxumuz rastlaşmışıq. Belə hallar adətən mübahisə ilə yekunlaşır. Məkanın sahibi yararsız hala düşən məhsula görə ödəniş tələb edir, müştəri isə buna görə pul ödəməyi qəbul etmir.

Bəs, bu məsələdə hüquq nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Vüsal Cəfərov bildirib ki, bu məsələ Mülki Məcəllənin bir neçə maddəsi üzrə tənzimlənir:

“152-ci maddədə deyilir ki, əgər mülkiyyətçi əmlakı başqa bir şəxsə kirayəyə veribsə və təbii fəlakət və ya başqa bir gözlənilməz hal nəticəsində əmlak məhv olarsa və ya zədələnərsə, bu risk mülkiyyətçiyə aiddir. Lakin qanun və ya müqavilə əsasında tərəflər arasında başqa bir razılaşma varsa, məsuliyyət fərqli şəkildə bölüşdürülə bilər.

Mülki Məcəllənin 571.1-ci maddəsinə əsasən isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Qeyd edək ki, "təsadüfən" anlayışı həm qəsdin, həm də ehtiyatsızlıq halının olmamasını özündə ehtiva edir.

Məsələn, mağazada əşyanı götürdüz və ödənişin olunması üçün kassaya kimi gəldiz, ehtiyatsız davranışınızdan irəli gələrək əşyanı sındırdız. Bu zaman siz istinad edə bilməzsiz ki, mən kassada malın ödənişini edib, bu barədə qəbzi almamışam. Amma belə olsa da risk alıcının üzərindədir.

Və ya əgər ticarət zalında malın zədələnməsinə sizin hansısa davranışınız səbəb olubsa, bu zaman da riskin satıcıda olması halına istinad etmək olmaz. Bir sözlə, təsadüfən toxunub zay etdiyiniz və yaxud ehtiyatsızlıq üzündən zay etdiyiniz məhsula görə alıcı məsuliyyət daşıyır”.

 

Bənzər yazılar

0.097924947738647