“AVVA”nın sahibləri məhkəməlik oldular

 24-10-2024

Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb.

Qaynarinfo.az xəbər verir ki, "AVVA LTD" MMC-nin baş direktoru Ramil Babayev Cinayət Məcəlləsinin 303.1-ci (Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər) maddəsi üzrə təqsirləndirilib və barəsindəki iş məhkəməyə göndərilib.

Məlum olub ki, Ramil Babayevlə bağlı cinayət işi şəriki Elçin Cəfərov tərəfindən edilən şikayət əsasında açılıb. Belə ki, Nizami rayonu, Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən "AVVA" adlı mağazanın 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində saxlanılan 631 ədəd qadın kastyumu geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın ətəyi, 34 ədəd qadın köynəyi və 305 ədəd qadın koftası üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Lakin R.Babayev malları 23 may 2023-cü ildə icazəsiz olaraq yükdaşıma xidmətlərindən birinin anbarına göndərib. Həmin malları anbardan hissə-hissə götürməklə mağazada yenidən satışını həyata keçirib.

Bütün bunlar isə şərik işləyən şəxslər arasında 140 min manatlıq mübahisəyə görə baş verib. Belə ki, şəriklərin işlətdiyi mağazalar şəbəkəsinə yatırdıqları sərmayə bölgüsünə görə aralarında məhkəmə çəkişməsi olub.

Nizami Rayon Məhkəməsinin hökmü ilə iş adamı Ramil Babayev Cinayət Məcəlləsinin 303.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 manat məbləğində cərimə edilib.

"AVVA" mağazalar şəbəkəsinin rəhbəri Ramil Babayev faktı təsdiqləyib. O deyib ki, artıq Elçin Cavadovla aralarında barışıq əldə olunub. O Elçin Cavadovla şərikli şəkildə işləməyə davam etdiklərini deyib.

Bənzər yazılar

0.12056493759155