İlk hərb nazirimiz, general Səməd bəy Mehmandarovun doğum günüdür

 16-10-2024

Bu gün general Səməd bəy Mehmandarovun doğum günüdür.

Oxu.Az xatırladır ki, ilk hərb nazirimiz, artilleriya generalı Səməd Bəy Mehmandarov 1855-ci il 16 oktyabr tarixində Lənkəran şəhərində dünyaya göz açıb.

Bakıda gimnaziya təhsili alan 16 yaşlı Səməd Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub.

1875-ci ilin dekabrında "podporuçik" rütbəsi alıb və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib.

1890-cı ildə "kapitan", 1898-ci ildə "podpolkovnik", 1901-ci ildə "polkovnik", 1904-cü ildə "general-mayor" rütbəsi alıb. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə "tam artilleriya generalı" rütbəsi verilib.

Birinci Dünya müharibəsində Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay olub. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə çalıb.

1915-ci ildə korpus komandiri təyin edilən general S.Mehmandarov 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif edilib.

O, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından hərbi nazir vəzifəsini tutub və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olub.

Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olan S.Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 29 sentyabr 2015-ci ildə Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilirdi:

"General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir".

Bənzər yazılar

0.071167945861816