Boşanan yalnız GƏNCLƏR DEYİL... – Yaşlılar niyə evliliklərinə SON QOYURLAR?

 11-10-2024

Son 10 ildə Azərbaycanda boşanmaların sayı artıb. Ötən il Azərbaycanda 21 min 688 boşanma halı qeydə alınıb. Boşananların hamısı yeni ailə qurmuş və ya gənclər deyil. Onların arasında müxtəlif yaş qruplarından olan şəxslər də var.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 60 və daha yuxarı yaş qrupundan olan kişilərdə 693, 54-59 yaş qrupundan olan kişilərdə 723, 50-54 yaş qrupundan olan kişilərdə isə 1111 boşanma halı qeydə alınıb.

50-54 yaş aralağında olan qadınların boşanma sayı 699, 54-59 yaş qrupundan olan qadınlarda 418, 60 yaş və yuxarı yaşdakı qadınların 2023-cü ildə boşanma sayı 366-dır.

Boşanmaların sayı ilə bağlı cəmiyyətdə müzakirələr gedərkən yaşlı nəsil gənc nəsli günahkar çıxarır. Onların daha dözümsüz olduğunu bildirirlər. Lakin stastistika yaşlı insanların da boşanma qərarı aldıqlarını göstərir.

Maraqlıdır ki, bəs yaşlı insanların boşanmasına nə səbəb olur?

Mövzu barədə Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, artıq orta və yaşlı nəslin nümayəndələri də boşanmaya faciə kimi yanaşmır, eqoist həyat tərzi seçməyə başlayıblar:

“Həm qlobal miqyasda, həm ölkəmizdə boşanmaların dinamikasında artım var. Azərbaycan cəmiyyəti üçün bu dinamika heç vaxt xarakterik olmayıb. Müstəqillik qazandıqdan sonra biz qloballaşma prosesinə qoşulduq. İstər istəməz mənəvi sərhədlər də açıldı. Başqa ölkələrin həyat, ailə tərzləri artıq azərbaycanlılara tanış oldu.

Əvvəllər Azərbaycan cəmiyyəti ənənəvi, patriarxat cəmiyyət idisə, burada ailə dəyərlərinə fərqli, mühafizəkar yanaşma vardısa, artıq müstəqillik əldə etdikdən sonra qlobal dünyaya inteqrasiya fonunda xarici həyat tərzlərinə uyğunlaşmaya, həmin tərzləri təqlid etməyə başladılar. Heç də boşanma artıq ailə faciəsi, böyük bir travmatik hadisə kimi qarşılanmadı. Cəmiyyətdə boşanmalara tolerant yanaşma var, yəni onu faciə kimi qarşılamırlar.

İnsanlara daha çox eqoist bir həyat yaşamağa üz tutublar, ailə məsulıiyyəti götürmək istəmirlər, ailə, uşaq qayğıları ilə yaşamaq istəmirlər. Bu baxımdan da bu, təkcə gənclər deyil, yaşlılar arasında da özünü göstərir. Biz nikah statistikasına baxanda nikaha daxil olanların təqribən 70 faizinin gənclər olduğunu görürük. Amma boşanmaların statsitikasına baxanda görürük ki, təqribən 17 faiz gənclərin payına düşür, qalanları yaşlı nəslin nümayəndələridir”.

O, yaşlıların da boşanmaya meyil etmələrinin yaxşı tendensiya olmadığını bildirib:

“Bu, klassik Azərbaycan ailə dəyərlərinin zəifləməsinə gətirib çıxara bilər. Nəticədə demoqrafik vəziyyətə mənfi təsir göstərər. Çalışmalıyıq ki, ailə dəyərlərini möhkəmləndirək, ailələrə mənəvi, psixoloji, maddi, mənzil-məişət məsələlərində dəstək duraq. Çünki nə qədər boşanma halı olacaqsa, bu, bir o qədər dövlət üçün maliyyə yükü artmış olacaq.

Ailələr Azərbaycan üçün strateji məna kəsb etməlidir.

Əslində bununla bağlı dövlətin həyata keçirdiyi çox sayda, müxtəlif layihələri var. Biz boşanma keyslərini təhqiq edəndə görürük ki, çox xırda məsələlərə görə boşanma halları olur. Halbuki münaqişəli ailələr müvafiq orqanlar vasitəsilə qeydə alınsa və onlarla sosial-psixoloji iş aparılsa, güman edirəm ki, boşanmaların xeyli hissəsinin qarşısını ala bilərik. Bu baxımdan Mediasiya Şurasının da rolu var. Amma onu bir qədər səlahiyyətləndirmək laızmdır ki, boşanmalarn qarşısının alınması üçün əlavə mexanizmlər tətbiq edə bilsinlər”.

Bənzər yazılar

0.057617902755737