Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 14 milyon 562 min 668 manat 45 qəpik olan tender müsabiqəsinin qalibi “Tunel-Metro-İnşaat” MMC (VÖEN- 1101408601) olub.
Məlumat üçün bildirək ki, “Tunel-Metro-İnşaat” MMC Cəbrayıl rayonu 1 042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi işlərini həyata keçirəcək.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Şükürbəyli kəndində bir ədəd birmərtəbəli fərdi yaşayış evinin tikintisi üçün 156,6 min manat vəsait sərf olunacaq.
Qeyd edək ki, "Tunel-Metro İnşaat" MMC 2001-ci ildə təsis edilib. Nizamnamə kapitalı 10 manat olan "Tunel-Metro İnşaat" MMC-nin qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur.
Elnur Əli