Son vaxtlar paytaxt ərazisində həyət evlərinin kütləvi söküntüsü halları müşahidə olunur. Çıxarışı olmayan və tikintisi qadağan olunmuş ərazilərdə inşa edilən bir çox fərdi əmlaklar qanunsuz tikili kimi sökülür. Lakin ölkə qanunvericiliyinə görə, bu prosesin aparılmasının müəyyən şərtləri var. Həmin şərtlərə əməl olunurmu?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hansısa şirkətin öz mənfəətləri üçün başqasının əmlakını sökmək hüququ yoxdur:
“Sökülmə prosesi yalnız torpaqların dövlət ehtiyacı üçün alınması ilə bağlı layihə olarsa, qanunvericiliyin tələblərinə uyğun həyata keçirilə bilər. Hansısa bir biznesmenin, sahibkarın, MTK-nın, bina tikən MMC-nin öz mənfəəti üçün öncədən yerləşmiş şəxsi bir məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum etmək, orada tikinti-söküntü işləri aparmaq hüququ yoxdur. Vətəndaşlar belə bir halın baş verdiyi andaca məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri ilə bağlı ərizə təqdim edib söküntü işlərinin qadağan olunmasına dair qərarları əldə edə bilərlər”.
Hüquqşünas qeyd edib ki, şirkətlər çıxarılmış məhkəmə qərarını icra etmədikdə, Cinayət Məcəlləsinə əsasən, onları ciddi məsuliyyət gözləyir:
“Əgər çıxarılmış məhkəmə qərarları söküntünü aparan şirkət tərəfindən icra olunmadığı təqdirdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, həmin vəzifəli şəxslər barəsində cinayət işi açılacaq. Həmin cinayət işinin sanksiyası isə, həmin şəxsin 3 ilədək müəyyən vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5000 manatdan 7000 manatadək cərimə və ya 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.