“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün daha əlverişli şərtlər formalaşdırmağı nəzərdə tutur. Layihədə partiyanın qeydə alınması və fəaliyyəti şərtləri xeyli dərəcədə sadələşdirilib. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin, cənab Prezidentin müəyyən etdiyi hədəflərə uyğun olaraq, demokratikləşmə prosesinin daha da dərinləşdirilməsinə xidmət edir”.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Onun sözlərinə görə, qanun layihəsi ətrafında ictimai müzakirələr sənədin daha da təkmilləşdirilməsinə xidmət edəcək.
Milli Məclisin deputatı bildirib ki, mövcud qanunvericilikdə siyasi partiyaların təsis olunması üçün 1000 nəfər üzvün olması şərti mövcuddur.
Yeni təqdim olunan layihədə isə siyasi partiyanın Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli 200 vətəndaş tərəfindən təsis edilməsi hüququnun tanınması təklif olunur:
“Layihənin hazırlanmasında 20-dən çox ölkənin təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alınıb. Əsas məqsəd siyasi partiyaların cəmiyyətin və dövlətin həyatında daha yaxından iştirak etmək imkanı yaratmaqdır”.
Ramin Məmmədov bildirib ki, yeni layihə siyasi partiyaların hüquqlarını genişləndirməyi nəzərdə tutur: “Təklif olunan layihədə siyasi partiyalara dövlət orqanlarına yerli özünüidarəetmə orqanlarına təkliflər vermək, hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək kimi hüquqlar verilir. Doğrudur, mövcud qanunvericilikdə də siyasi partiyaların dövlət orqanları tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək hüquq təsbit olunub. Lakin yeni layihədə bu məsələ daha mükəmməl formada tənzimlənir, siyasi partiyalara hüquqi aktlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı məsələ qaldırmaq hüququnun verilməsi nəzərdə tutulur”.
Deputat əmin olduğunu vurğulayıb ki, ictimai dinləmələr layihənin daha da təkmilləşdirilməsinə imkan yaradacaq.
Qeyd edib ki, qanun layihəsinin hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən 39 siyasi partiyanın iştirakı sənədin və layihənin ictimai müzakirəyə təqdim olunması daha mükəmməl və keyfiyyətli qanunun hazırlanmasına nail olmaq məqsədi daşıyır:
“Yəqin ki mütəxəssislər, siyasi partiyalar, hüquqşünasların da qeydləri, təklifləri olacaq. Eyni zamanda Milli Məclisin komitələrində, plenar iclaslarında da müzakirələr aparılacaq. Düşünürəm ki, bütün bu proseduralar ümumilikdə siyasi partiyaların daha uğurlu fəaliyyətinə imkan yaradan, onların cəmiyyətin və dövlətin həyatında daha fəal iştirakını təmin edən qanunvericilik aktının qəbul edilməsi ilə nəticələnəcək”.