AMB: İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir

 18-09-2024

Azərbaycanda inflyasiyanın xarici fonu ümumilikdə sabitdir.

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumata görə, avqust-sentyabr aylarında illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3,5 %, ərzaq malları üzrə inflyasiya 3 %, qeyri-ərzaq malları üzrə 1,8 %, xidmətlər üzrə 5,6 % təşkil edib. İllik baza inflyasiya isə 2,4 % olub.

"Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2,8 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib", - deyə qurum bəyan edib.

"Uçot dərəcəsi ilə bağlı ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. Lakin dünyada inflyasiya təzyiqlərinin azalması şəraitində aparıcı ölkələrdə mərkəzi bankların faizləri tədricən azaldacağı ehtimalı yüksəlir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 %) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Son 1 ildə bank sisteminin kredit portfeli 19,5 %, o cümlədən biznes kredit portfeli isə 18,4 % artıb", - deyə açıqlamada qeyd olunub.

Bənzər yazılar

0.058627843856812