Bölgələrdə təhsilə əsl dövlət qayğısının təzahürü

 17-09-2024

Ölkənin, xalqın tərəqqisində elmin, təhsilin ilk yerlərdən birini tutması danılmaz həqiqətdir. Çağdaş dünyada gedən proseslərlə ayaqlaşmaq, dövrün çağırış və tələblərinə cavab vermək, savadlı, bilikli kadrlar səviyyəsində yetişmək üçünsə normal tədris şəraiti olmalıdır. Bunu daim nəzərə alan dövlətimizin rəhbərliyi və Heydər Əliyev Fondu təkcə paytaxtda və iri şəhərlərdə deyil, bölgələrdə, ucqar yaşayış məntəqələrində də təhsil infrastrukturunun yenilənməsi qayğısına qalır, bu istiqamətdə mütəmadi layihələr həyata keçirir.

Xeyli vaxt idi ki, Zaqatala rayonunun Muğanlı kəndində də daha geniş, müasir tədris vasitələri və texnologiyalarla təmin olunmuş kompleksə ehtiyac yaranmışdı. Çünki pedaqoji və şagird kollektivi 1985-ci ildə tikilmiş, həm 40 illik istismar müddəti, həm də davamlı zəlzələlər nəticəsində qəzalı vəziyyətə düşmüş binadan istifadə etmək məcburiyyətində idilər. Yeni orta məktəbin inşasına isə ötən ilin dekabrında başlanılmışdı və inşaatçıların gərgin zəhməti sayəsində artıq yeni tədris ilinin ilk günü müəllim və şagirdlərin ixtiyarına verildi.

Sentyabrın 16-da şəhid Oruc Rəsulov adına Muğanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirildi. Tədbirə təhsil ocağının pedaqoji və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri və digər qonaqlar qatılmışdılar. Əvvəl Dövlət Himnimiz səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Məktəbin direktoru Xacay Əlizadə iştirakçıları salamlayaraq, təhsil ocağının fəaliyyəti, ötən tədris ilində qazanılan uğurlar barədə məlumat verdi. Belə gözəl, geniş, tədris üçün hər cür şərait və bütün avadanlıqlarla təmin olunmuş məktəb binası tikib istifadəyə verdikləri üçün ölkə rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə təşəkkürünü bildirdi. Vurğulandı ki, məktəbin 380 şagirdinin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur, cari ildə I sinfə 24 şagird qəbul edilib. 432 şagird yerlik yeni tədris binası isə 3 mərtəbə və üç korpusdan ibarətdir. Sinif otaqlarından əlavə, fənn kabinələri, tədris-təcrübə sahəsi və otaqları, idman zalı var. Tikinti işlərini Səməd Heydərovun rəhbərliyi və Elmar Həsənovun iş icraçılığı ilə “SH İnşaat xidməti” MMC yüksək keyfiyyətlə görüb başa çatdırıb. 

Elm və Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov çıxış edərək yeni dərs ili və məktəb binası münasibətilə Muğanlı məktəblilərini təbrik etdi, onlara təhsildə uğurlar arzuladı, ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun, təmsil etdiyi nazirliyin bu sahəyə qayğısı barədə söhbət açdı. Təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirildiyini diqqətə çatdırıb, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışdı. 

Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova bu il bölgə məktəblərinin I sinfinə 6864 şagirdin qədəm qoyduğunu, təhsil ocaqlarının tikintisinin sürətli şəkildə davam etdiyini, gələn il Balakən rayonunun Bedağar kəndində, Şəki şəhərində və Köndələn kəndində daha üç məktəbin tikilib istifadəyə veriləcəyini söylədi.      

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini - humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, ağsaqqal pedaqoq, uzun illər təhsil ocağına rəhbərlik etmiş Nizami Cavadov, məktəbin müəllimi İlhamə Məmmədova və digərləri ürək sözlərini bölüşərək, şagirdlərə uğurlar arzuladılar.

Məktəbin I sinif şagirdləri Yusifzadə Sirac Vüsal oğlu və Qurbanova İlknur Elvin qızı yeni binada dərsə başladıqlarına görə çox sevindiklərini, yaxşı oxuyacaqlarını dilə gətirdilər.

Sonra xatirə şəkli çəkdirilib və ilk zəng çalınıb. Məktəb binası ilə tanışlıqdan sonra nazirliyin, regional idarənin və rayon icra hakimiyyətinin rəsmiləri siniflərdə “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunmuş ilk dərsin gedişini izləyiblər. 

Qurban Cəbrayıl

“Mədəniyyət” jurnalının redaktoru

Bənzər yazılar

0.10714101791382