Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.
MillətinSəsi.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, hadisə universitet binasında baş verib.
1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, məsələ ilə bağlı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Hadisə ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 09:50 radələrində 1988-ci il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Hadisə ilə bağlı Gəncə Dövlət Universitetindən (GDU) verilən məlumata görə, aprelin 11-də Gəncə Dövlət Universitetinin binasından kənarda universitetin keçmiş əməkdaşı 1988-ci il təvəllüdlü Günay Asim qızı Məmmədova özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib.
Hadisə universitet binasının yaxınlığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.
Qeyd olunub ki, Günay Məmmədova üç il bundan əvvəl öz ərizəsi ilə işdən azad olunub:
"Öz istəyi ilə işdən ayrılsa da o, dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Ombudsmana müraciət edib. G.Məmmədova bununla əlaqədar verdiyi izahatlarda işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib. Bu gün baş verən hadisənin isə GDU ilə heç bir əlaqəsi yoxdur".