Nazir Emin Əmrullayev: "Bir neçə gündən sonra Xankəndidə məktəb açılışı olacaq"

 16-09-2024

 "Azərbaycanın suverenliyinin tam bərqərar olmasından sonra ilk tədris ilidir".

"Report"un məlumatına görə, bunu sentyabrın 16-da Şuşa şəhəri 1 saylı tam orta məktəbdə ilk dərs günündə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib.

E.Əmrullayev çıxışında cari tədris ilində işğaldan azad edilən ərazilərdə açılacaq yeni məktəblərdən də bəhs edib:

"Azərbaycanın suverenliyinin tam bərqərar olmasından sonra ilk tədris ilidir. Bir neçə gündən sonra Xankəndidə də məktəb açılışı olacaq. Bu tədris ilində Cəbrayıl və Kəlbəcər şəhərlərində, eyni zamanda, bir sıra kəndlərimizdə yeni məktəblərimizin açılışı planlaşdırılır. Hər bir məktəb açılışı yüzlərlə ailəyə sevinc bəxş edir".

Daha sonra təhsil naziri Emin Əmrullayev deyib ki, elə məktəb direktorları var, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir.

Nazir belə halların mövcud olduğunu bildirib: 

“Məktəb direktorları, valideynlərlə siz görüşürsünüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız? Mən istərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq. Hər il qəzalı məktəblərin sayı azalır. Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq”, - Emin Əmrullayev qeyd edib.

Nazir qeyd edib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb var idisə, bu il məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib:

“Bununla belə, yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik. İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”.

Bənzər yazılar

0.089944124221802