“Mənim təmizlik apardığım ərazidə bir market vardı. Adətən oradan alış-veriş edirdim. Marketin sahibi arada çağırıb marketdə təmizlik işləri gördürür, əvəzində mənə 5-10 manat pul verirdi. Bir dəfə də məni çağırıb dedi ki, “baxıram imkansız adamsan. Sənə yardım eləmək istəyirəm. Amma bunun üçün bəzi sənədlərə qol çəkməlisən”. Razılaşdım. Ertəsi gün məni avtomobilinə mindirib bir idarəyə apardı. Orada bəzi sənədlərə imza atdım. Sonda mənə 300 manat pul verdi”.
Bunu Bizim.Media-ya Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyində süpürgəçi kimi çalışan, adının açıqlanmasını istəməyən qadın deyib.
O bildirib ki, evdə olanda telefonuna mesaj gəlib:
“Başım çıxmadığı üçün qızıma göstərdim. Məlum oldu ki, vergi idarəsindən gəlib. Mat qaldım ki, mənim vergi idarəsi ilə nə işim?! Birdən yadıma 300 manat düşdü. Səhərisi gün qızımla vergi idarəsinə getdim. Məlum oldu ki, adıma şirkət açılıb. Şirkətin yaradılma tarixini deyəndə bildim ki, qol çəkdiyim sənədlər bunun üçün imiş. Sonradan da dəqiqləşdirdim ki, qol çəkməyə getdiyim yer də notarial kontoru imiş. Çox böyük söz-söhbətdən sonra adıma olan şirkət ləğv olundu”.
Bu son zamanlar “şirkət sahibi” olan insanlardan birinin qısa həyat hekayəsidir.
Amma belə hallarla rastlaşan çox sayda insanlar var. Onlar bilərəkdən və yaxud bilməyərəkdən kimlərinsə toruna düşürlər. Şirnikləndirici vasitələrə inanaraq adlarına şirkətlərin açılmasına razılıq verir, sonradan isə heç nədən xəbərləri olmadıqlarını bildirirlər.
Belə hallar necə baş verir?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən hüquqşünas Şaiq Mirzəyev bildirib ki, vətəndaşın xəbəri olmadan adına hansısa şirkətin açılması mümkünsüzdür:
“Çünki hüquqi şəxs yaratmağın bəlli hüquqi prodseduru var. Bunun üçün maraqlı tərəf kiminsə etibarından sui-istifadə edərək onun adından rəsmi etibarnamə alır. Etibarnamə olduqdan sonra isə istənilən əməliyyatı həyata keçirmək mümkündür. Bəzən olur ki, sadə vətəndaş inanaraq “Asan İmza”sını və vergi sertifikatını kiməsə verir. Hər şey də bundan sonra baş verir”.
Müsahibimiz vurğulayıb ki, heç bir halda yaxından tanımadığı adama etibarnamə və yaxud “Asan İmza” verilməməlidir:
“Lap bu böyük həcmdə pul müqabilində olsa belə. Çünki çox vaxt vətəndaş aldadılmır, pul qarşılığında bu işə razılıq verir. Yalnız xüsusi hallarda vətəndaşın etibarından sui-istifadə edilir. Amma təcrübə göstərir ki, bu hallar çox azdır. Vətəndaşlar adətən 400-500 manat qarşılığında “şirkət təsisçisi” olmağa razılıq verirlər”.
Bəs, özümüzü belə xoşagəlməz hallardan necə sığortalamalıyıq?
“Təsadüfi adamlara etibarnamə və “Asan imza” vermək olmaz. Bundan əlavə telefonumuza gələn bütün mesajları diqqətlə oxuyub təhlil etməliyik. Müvafiq qurumlardan daxil olan xəbərdarlıq edici mesajlar oxunmadan silinməsi hallarına tez-tez rast gəlinir. Sonradan da həlli müşkülə çevrilən problemlərlə üz-üzə qalırıq. Ona görə də təkcə aldanmamaq üçün yox, həm də digər xoşagəlməz hallardan sığortalanmaq üçün gələn mesajları oxumalıyıq”, - deyə Şaiq Mirzəyev qeyd edib.a
Adına milyonluq şirkət var, özünün xəbəri yoxdur... - Bir süpürgəçinin HƏYAT HEKAYƏSİ
26-08-2024