İdeal Kredit BOKT – Bank Olmayan Kredit Təşkilatından kredit götürən vətəndaş Vüsal Vəliyev təhqirlərə və təhdidlərə məruz qaldığını iddia edib.
O, Pravda.az-a ünvanladığı şikayətdə bildirib ki, "İdeal Kredit"ə qızıl girov qoyub və əvəzində 2 min manat civarında kredit götürüb:
“Hər ayın 29-da ödəniş tarixidir. Krediti götürərkən məndən yaxınlarımın nömrəsini də istədilər. Mən də verdim. Avqustun 29-da müəyyən səbəblərə görə kredit borcumu ödəyə bilmədim. Bir gün sonra mənə bir dəfə zəng etdilər. Xəstə idim, telefona cavab verə bilməmişəm. Təşkilatın işçisi Orxan Məmmədov adlı şəxs iki bacıma da zəng edib, onlarla kobud danışıb. Soruşub ki, Vüsal haradadır, niyə telefona cavab vermir, girov qoyduğu qızıl saatını satacağam.
Şənbə-bazar iş günü olmadığı üçün bazar ertəsi pulu ödəyəcəkdim. Mən ödəyənə qədər yenə zəng etdilər, geridönüş etdim. Mənim zəngimi açan kimi Orxan Məmmədov “telefonu niyə açmırsan, niyə kreditini ödəmirsən, ə?” deyə müraciət etdi. Mən də dedim ki, bu necə danışıqdır, siz heç məni tanımırsınız. Dedi ki, yaxşı edirəm, bizə qız, gəlin nömrəsi vermisən, özün isə qaçıb gizlənirsən. Təbii ki, səbirlə cavab verdim.
Dedim ki, gecikməm varsa, faiz gəlsin, yaxud müqavilə əsasında məhkəməyə verilsin, girovum müsadirə olunsun, mən müştəriyəm, belə danışmağa sizə kim ixtiyar verir? Dedi ki, mən ixtiyar sahibiyəm. Sonra nalayiq ifadələr işlətməyə başladı. Ona aidiyyəti qurumlara şikayət edəcəyimi bildirdim. Dedi ki, get ürəyin hara istəyirsə, şikayət et. Yenidən etik normalardan kənar danışmağa başladı. Səs yazıları da məndədir. Bacılarımın nömrəsini özləri məndən istəyiblər.
Dedim, yəqin, bilə-bilə istəmisiniz ki, sonradan təhdid edəsiniz. Yəni cümə axşamı ödəniş etməli idim, bazar ertəsi etmişəm. 102 xidmətinə də zəng edib, şikayət etmişəm. Təşkilatın rəhbərliyinə də şikayət etdim, mənə dedilər ki, həmin əməkdaşı işdən azad edəcəklər”.
Pravda.az İdeal Kredit BOKT-la əlaqə saxlayıb.
Məlumat veriləcəyi deyilsə də, əlaqə saxlanılmayıb. Daha sonra şirkət V.Vəliyevi görüşə dəvət edib və görüş zamanı Samir adlı şəxs saytımızla əlaqə saxlayaraq Orxan Məmmədovun işdən çıxarıldığı məlumatını verib.