Azərbaycanda 8 ayda illik inflyasiya 1,3 % olub

 11-09-2024

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,1 %, qeyri-qida məhsulları üzrə 101,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103 % təşkil edib.

“Ölkə.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin avqsut ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103,5 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 %, qeyri-qida məhsulları üzrə 101,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 % təşkil edib.

Avqustda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun, azalma isə unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 % olub. Qeyri-qida mallarından daha çox artım kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,3 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən xalçaların yuyulması xidmətinin, internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bənzər yazılar

0.058693885803223