Bu ilin avqust ayında istehlak qiymətləri ötən ilin avqust ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3 faiz, qeyri-qida məhsulları üzrə 1,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 5,6 faiz bahalaşıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin avqust ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz təşkil edib.
Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin avqust ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 faiz təşkil edib.
Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması xidmətinin, internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Elnur Əli