Hesablama Palatası tenderlərin keçirilməsindən narazıdır

 13-09-2024

“Dövlət satınalmaları haqqında” Qanunla müəyyən edilən satınalma metodları tətbiq edilməklə 2024-cü ilin 6 aylıq dövrü üzrə 6 034 sayda 3 milyard 737,3 milyon manat məbləğində satınalma müqaviləsi bağlanıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə məbləğ baxımından 1 milyard 392,8 milyon manat və ya 59,4%, say baxımından isə 980 ədəd və ya 19,4% çoxdur.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2024-cü ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yaydığı hesabatda yer alıb.

Bildirilir ki, hesabat dövründə bir mənbədən satınalma metodu say və məbləğ baxımından əhəmiyyətli çəkiyə malik olub. Bu metod satınalmanın ümumi məbləğinin 58,7%-ni (ötən ilin müvafiq dövründə 53,4%), ümumi sayının isə 62,8%-ni (ötən ilin müvafiq dövründə 46,2%) təşkil edib. Bu metod üzrə satınalmalar illik müqayisədə say ifadəsində 62,5%, məbləğ ifadəsində 75,2% artıb.

Hesablama Palatasının hesabatında həmçinin qeyd olunur ki, yeni qanunvericilikdən irəli gələrək informasiya sistemlərinin inteqrasiyasının ilin əvvəlində tamamlanmaması, yeni qanunvericiliyin satınalan təşkilatlar tərəfindən tam mənimsənilməməsi, satınalmaların keçirilməsi zamanı müvafiq razılıqların verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərin kifayət qədər çox olması, həmçinin satınalmalarla bağlı təsdiqləmələrin hüquqi aktla müəyyən edilmiş son gündə verilməsi satınalma prosedurlarının keçirilməsi və müqavilələrin bağlanılmasında yubanmalara səbəb olmaqla, bir mənbədən satınalma metodu əsasında bağlanan müqavilələrin sayında və məbləğində əhəmiyyətli artımla nəticələnib.

Belə ki, müvafiq dövlət orqanı tərəfindən təqdim edilən məlumatlara əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin 6 ayı üzrə bir mənbədən satınalma metodu əsasında bağlanan müqavilələrin məbləğində 941,8 milyon manat, sayında isə 1 457 ədəd artım qeydə alınıb.

Elnur Əli

Bənzər yazılar

0.11150193214417