Hüseyn Molla Abdulla oğlu Rasizadə 24 oktyabr 1882-ci ildə anadan olub. Müəllim kimi, ziyalı kimi tarixə düşən Hüseyn Cavid sovet hökuməti qurulanda Türkiyəyə köçmək təklifi alsa da, “bu vətəni kimə qoyaq gedək” deyərək Azərbaycanda qalır.
Sovetlərin ilk hakimiyyət illərində Hüseyn Cavidə toxunmasalar da, onu daimi izləyiblər. Hüseyn Cavid 1926-cı ildə Almaniyaya gedir və 7 ay Berlində yaşayır. Həmin müddət ərzində oradan ziyalıların mənəvi iztirablarını özündə əks etdirən bir sıra siyasi- lirik və lirik-epik şeirlər yazır. Bu səfəri onun bolşeviklərin diqqət mərkəzində olmasına səbəb yaradır.
İlkin ittihamlarda onun Berlində keçmiş müsavatçılarla görüş keçirməsi barədə donoslar olur. Sonradan Hüseyn Cavidin İranda hüquqları pozulan azərbaycanlılara aid yazdığı dəstək şeirləri sovet kəşfiyyatını narahat etməyə başlayır... Artıq 1936-cı ildə həbs olunacağı barədə xəbərlər ona çatmağa başlayır. O, Mircəfər Bağırova xəstə olması və heç bir günahının olmadığı barədə məktub yazır. Lakin.... onu digər ziyalılar kimi həbs edirlər.
Hüseyn Cavid NKVD təcridxanasında 39-cu kamerada saxlanılırdı. Cavidin istintaq prosesi iki il bir ay çəkir.
Nəhayət, 1939-cu il iyunun 9-da keçirilmiş müşavirədə Hüseyn Cavid antisovet təşkilatda iştirak etdiyinə, həmçinin Türkiyənin casusu, müsavatçı-pantürkist ittihamları ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilir. İttiham sənədində yazılırdı: “1892-ci ildə (əslində şair 1882-ci ildə dünyaya gəlib) anadan olmuş, azərbaycanlı, bitərəf,
Azərbaycan SSR vətəndaşı, 1918-ci ildən “Müsavat” partiyasının üzvü, ali təhsilini Türkiyədə almış Hüseyn Cavid haqqında arayış. Şair, müsavat ədəbiyyatının təbliğçisi olan H.Cavid “Yaşıl qələmlər”in üzvü, teatr texnikumunda müəllimdir. Hazırda Azərbaycan SSR XDİK-nın IV şöbəsinə məlumdur ki, Hüseyn Cavid müsavatçılarla əksinqilabi əlaqələr yaradır, onlarla milli söhbətlər aparır. H.Cavid gənc şairləri ətrafına toplayıb, onları müsavat yönümdə hazırlayır”.
Hüseyn Cavidin son günlərini keçirdiyi islah əmək düşərgəsinin rəhbərləri Şemmel və Çıvayan soyadlı NKVD kapitanları idi. Bu ermənilər hər gün onu təhqir edir, alçaldır, ən dözülməz tapşırıq verirdilər. Hüseyn Cavidin qışın günü qarın içində saxlayan erməni zabitlər bəzən gecə belə onu çağırıb, qarın içində ayaqyalın gəlməsi tapşırığın verirdilər. Məhz bu cür təzyiqlərə görə Hüseyn Cavid sepsisdən – iki ayağının pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabrın 5-də, gecə saat 22:30-da Sibirdə dünyasını dəyişdi.
Azərbaycanda Hüseyn Cavidin ölümü haqqında qeydiyyat 1948-ci il martın 31-də aparılıb, ölüm şəhadətnaməsi isə 1948-ci il mayın 4-də ailəsinə verilib. Ölüm tarixi dəqiq göstərilsə də, vafat etdiyi yer bildirilməyib. Şairin dəfnində Məhbus Əlillər Evində olan dustaq azərbaycanlılar iştirak edib. Onlar Cavidi üzü qibləyə, Şevçenko kəndinindəki məzarlıqda dəfn ediblər.
Zaur Əliyev