Biləsuvar Rayon İcra Hakimiyyəti ehtimal qiyməti 889 min 3 manat 74 qəpik olan 2 tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələri Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlıdır.
Tender müsabiqələrində nəzərdə tutulan işlərdən biri dövlət büdcəsi hesabına (566 min 900 manat 32 qəpik), digəri isə büdcədənkənar vəsait hesabın (322 min 103 manat 42 qəpik) icra olunacaq.
Məlumat üçün bildirək ki, əsaslı təmir işlərinin görülməsi nəzərdə tutulan küçələrdən bəzilərində cəmi iki il əvvəl təmir işləri həyata keçirilib. Məsələn, tender müsabiqəsində göstərilir ki, şəhərin Süleyman Rəhimov küçəsində əsaslı təmir işləri görüləcək. Halbuki, 2022-ci ildə yerli xəbər saytlarının birində yayımlanan məlumatdan belə görünür ki, şəhərin Süleyman Rəhimov küçəsində təmir işləri həyata keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alan məlumatda isə göstərilir ki, 2023-cü ildə şəhərin 23 küçəsində və 5 dalan hissəsində yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işləri həyata keçirilib.
Murad Məmmədov