Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamı və digər müvafiq sənədlər əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclər təşkilatlarının “Şuşa İli” ilə bağlı layihələrinin maliyyələşdirilməsi üzrə 9-30 iyun 2022-ci il tarixlərində layihə qəbulu elan edilib.
Fonddan verilən məlumata görə, layihə qəbulu müddətində, 46-sı yerli layihələr, 18-i beynəlxalq layihələr kateqoriyası üzrə olmaqla 64 layihə təklifi daxil olub.
Fond tərəfindən layihələrin qiymətləndirilməsi həyata keçirilmiş, yerli layihələr üzrə 13, beynəlxalq layihələr üzrə 8 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.
Qalib olan layihələrin icrasının tam və ya qismən Şuşa şəhərində baş tutması nəzərdə tutulur. Layihə müraciətləri ilə bağlı məlumat müraciət edən gənclər təşkilatlarının Gənclər Fondunun elektron xidmətlər sistemindəki şəxsi kabinetinə yerləşdirilib.
Fürsətdən istifadə edərək, Gənclər Fondu sentyabr ayında elan edilməsi planlaşdırılan qrant müsabiqəsində gənclər təşkilatlarını fəal iştirak etməyə dəvət edir.