“Hamı bilir ki, test üsulu ilə imtahanlarda hər kəsin biliyi düzgün qiymətləndirilir. Və bu biliyə uyğun olaraq da imtahan verən şəxs yer tutur”.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Real TV-yə müsahibəsində deyib.
Test üsulu ilə imtahanların ləğv ediləcəyi ilə bağlı iddialara münasibət bildirən DİM rəhbi qeyd edib ki, bundan söhbət belə gedə bilməz:
“Bu üsulda biliyin qiymətləndirilməsi şəffaf aparılır. Bu sistemdə kiməsə çətin, kiməsə asan suallar vermək yoxdur”.
Bundan başqa, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib ki, COP29 bəzi ixtisaslarda bal artımına səbəb ola bilər:
"Müsabiqə ballarının dəyişməsi bir növ həmin il tələbələrin maraqlarının artdığı, cari ildə dəbə düşən ixtisaslardan da asılıdır. Bu səbəbdən bu il ekologiya sahəsinə aid olan ixtisaslara daha çox maraq yarana bilər. Ölkəmizdə keçiriləcək olan COP29 və ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gedən işlər bunu deməyə əsas verir", - deyə o qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə test üsulu ilə bağlı imtahanların ləğv ediləcəyinə dair xəbərlər yayılmışdı.